Dövlət Dəniz Agentliyinin mətbuat xidmətindəki vəzifəsini yenicə tərk edən Tural Müseyibov Qarabağ döyüşlərində həlak olmuş əsgəri təhqir etmədiyini deyir. O, BBC News Azərbaycancaya bildirib ki, yazdığı fikirlər təhrif olunub.
Tural Müseyibov həlak olan bir əsgərlə bağlı Facebookda gedən müzakirələrdə onun "cinsi orientasiyasından" bəhs edib:
"LGBT nə ..... ki, onun üzvü də gedib bizim torpağı qoruya. Onları niyə belə hörmət-izzətlə yad edirsən axı? Onları xatırlamaq belə əhəmiyyətsizdir. Müqayisə eləməyə normal mənbə, tip, insan tapa bilərdin", - o, şərhində yazıb.
Digər şərhində bir istifadəçiyə xitabən "belələrini qəhrəman şəhidlərimizlə eyni tutma" deyib.
Onun bu şərhləri sosial media istifadəçiləri arasında birmənalı qarşılanmayıb və tənqid edilib.
"Ayıbdır, ayıb! 2016-ci il aprel döyüşlərində də iştirak edən, 2020-ci ildə isə Vətən müharibəsinə könüllü gedən və şəhid olan LGTB nümayəndəsi haqqında belə sözlər deyilir. Müseyibov Tural Dövlət Dəniz Agentliyinin rəsmisidir. İşdən çıxarılsın!" - Cavid Qurbanov adlı sosial media istifadəçisi yazıb.
Tural Müseyibov çərşənbə axşamı günü Facebook hesabından paylaşdığı sonrakı müraciətdə "şəhidi təhqir etmədiyini, onun adının hər hansı qurumla bağlılığını göstərməyə çalışılmasını tənqid etdiyini" söyləyib.
"Mən şəhidimizin ruhuna, şəxsiyyətinə, onun varlığına, onun müqəddəsliyinə xələl gətirən, Azərbaycan milli-mənəvi dəyərlərinə uyğun olmayan, milli obrazımıza, Azərbaycan kişisinə, Azərbaycan qadınının obrazına uyğun olmayan hər hansı bir qurumun adının çəkilməsini, o şəhidimizin o qurumla bağlılığının göstərilməyə çalışılmasını tənqid etmişəm. Mən istəmirəm bizim şəhidimizin adı hansısa bir Azərbaycan mənəvi dəyərlərinə yad olan, Azərbaycan övladları üçün aşılanması yad olan, Azərbaycan xalqı üçün aşılanması yad olan bir təşkilatda çəkilsin,"- o bildirib.
Adının çəkilməsini istəməyən bir LGBT fəalı Tural Müseyibovun şərhləri və sonra verdiyi açıqlaması ilə "ayrı-seçkilik və nifrət aşıladığını" düşünür:
"Deyir ki, o, şəhidi təhqir etməyib, onun adını Azərbaycan milli-mənəvi dəyərlərinə uyğun olmayan təşkilatla əlaqələndirilməyi tənqid edib. Birincisi, orada tənqid yox, təhqir var. İkincisi, bu nə deməkdir? Yəni, şəhidi təhqir etməmişəm, amma LGBT üzvünü etmişəm? Yəni, bunu etmək olar? Nə bu cür şərhlər, nə də bu cür açıqlamalar qəbulediləndir. İkisi də açıq-aşkar nifrət təbliğ edir".
"Mən şəhidimizi təhqir etməmişəm və o barədə yazdığım fikirlər təhrif olunub,"- Tural Müseyibov BBC News Azərbaycancaya deyib.
"Mənim yazdıqlarıma dəqiqliklə baxanlar bunu görə bilər. Mən video açıqlama da vermişəm və orada hər şey öz əksini tapıb," - Tural Müseyibov deyib.
Tural Müseyibov artıq Dövlət Dəniz agentliyinin işçisi olmadığını, işdən oktyabrın 14-də öz ərizəsi ilə çıxdığını və bu məsələ ilə əlaqəsi olmadığını deyib.
"Mən öz istəyimlə işdən ayrılmışam. Bunun məsələyə heç bir aidiyyatı yoxdur. Keçmiş iş yerimdə çalışmadığımı ona görə yazdım ki, məni axtarmaq üçün Dövlət Dəniz agentliyinə zəng vururdular. Ona görə dedim ki, zəng edib onları narahat etməsinlər", - Tural Müseyibov bildirib.
Dövlət Dəniz Agentliyindən BBC News Azərbaycancaya deyilib ki, "Tural Müseyibovun əmək müqaviləsinə oktyabrın 14-də xitam verilib".
Agentlik bildirib ki, onun müqaviləsinə xitam verilməsinin "son hadisələrə heç bir aidiyyatı yoxdur".