Dağlıq Qarabağ Azərbaycan SSRİ dövründə Muxtar Vilayət statusu almışdı. Məhz bu səbəbdən 1988-ci ildə Azərbaycan və Ermənistan arasında Qarabağda münaqişə başlayandan bu günə qədər bu proses Dağlıq Qarabağ münaqişəsi adlandırılmağa başladı. Baxmayaraq ki, 1991-ci ildə Dağlıq Qarabağ ərazi vahidliyi Azərbaycan Ali Soveti tərəfindən ləğv edilmişdi. Hətta Dağlıq Qarabağ ifadəsi münaqişə və atəşkəs dövründə beynəlxalq aləmdə rəsmi olaraq işlədilməyə başladı. Azərbaycan rəsmiləri münaqişədən söz düşəndə Dağlıq Qarabağ və işğal olunmuş 7 rayon deyirdilər, beynəlxalq sənədlərdə isə Nakorno Karabax yazılırdı. Hətta Ermənistanın həmin ərazilərdə yaratdığı qondarma rejim tanınmamış Nakorno Karabax Respublikası adlandırılırdı. Amma son illər ermənilər Dağlıq Qarabağa Artsax, qondarma rejimi isə Arsax respublikası adlandırırdılar. Və beynəlxalq aləmdə bu adı təbliğ etməyə və yeritməyə başladılar. Yeri gəlmişkən, 1918-1987- ci illərdə indiki Ermənistan ərazisində yerləşən azərbaycanlıların yaşadıqları 254 yaşayış məntəqəsi yaşayış məntəqələri siyahısından silinib. Bu kəndlərin böyük əksəriyyəti Ermənistanda azərbaycanlılara qarşı 1918-1920- ci illər soyqırımı və 1948-1953-cü illər deportasiyasından sonra xaraba qoyulub. 1920-1988-ci illərdə indiki Ermənistan ərazisində yerləşən azərbaycanlıların yaşadıqları türkmənşəli 517 yaşayış məskəninin adları dəyişdirilib. 1988-1989-cu illərdə Ermənistan ərazisində azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə siyasəti həyata keçirildikdən sonra Ermənistan Respublikası Ali Soveti Rəyasət Heyətinin 1991-ci il 9 aprel tarixli fərmanı ilə 90 yaşayış məntəqəsinin, 8 avqust 1991- ci il fərmanı ilə 16 yaşayış məntəqəsinin, Ermənistan parlamentinin 4 iyul 2006-cı il tarixli qərarı ilə isə 31 yaşayış məntəqəsinin adları dəyişdirilərək erməniləşdirilib. Ümumiyyətlə, Ermənistan ərazisindəki 702 türkmənşəli inzibati-ərazi vahidinin adları dəyişdirilib. Dağlıq Qarabağ və ətraf 7 rayonun işğalından sonra isə həmin Azərbaycan ərazilərindəki 212 yaşayış məntəqəsinin adı dəyişdirilərək erməniləşdirilib. Azərbaycanın işğal olunmuş torpaqlarında ermənilər tərəfindən yaradılmış qondarma rejimin Ali Sovetinin 2 dekabr 1993-cü il tarixli qərarı ilə işğal olunmuş Laçın, Qubadlı və Zəngilan rayonlarını əhatə edən Kaşatağ rayonu yaradılıb və rayon mərkəzi kimi, Laçın şəhərinin adı dəyişdirilərək “Berdzor” adlandırılıb. Ağdam şəhəri “Akn”, Füzuli şəhəri “Varanda”, Zəngilan şəhəri “Kovsakan”, Qubadlı şəhəri “Sanasar”, Kəlbəcər şəhəri “Karvacar”, Cəbrayıl şəhəri “Crakan”, Xocalı şəhəri isə “İvanyan” adlandırılıb. Ümumiyyətlə, Əsgəran rayonunda 18, Hadrut rayonunda 22, “Kaşatağ” rayonunda 28, Mardakert (Ağdərə) rayonunda 24, Martuni (Xocavənd) rayonunda 11, Şuşa rayonunda 10 və bir çox yaşayış məntəqələrinin adları dəyişdirilərək erməniləşdirilib. Nədir bu toponim siyasətinin əsası? Ermənilərin toponimlərə qarşı bu aqressiyası haradan qaynaqlanır? AMEA-nın əməkdaşı, filosof alim Yasəmən Qaraqoyunlu toponim aqressiyası ilə bağlı ASTNA-nın suallarına cavab verib.
- Yasəmən xanım, Ermənistanın Azərbaycan torpaqlarına təcavüzü başladığı gündən bu yana bu müharibə Dağlıq Qarabağ münaqişəsi adlanır. Hətta beynəlxalq aləmdə Nakorno Karabax deyilirdi. Azərbaycan ərazilərində, ermənilər tərəfindən işğal olunmuş torpaqlarda qurulmuş qondarma rejim də son illərə qədər Nakorno Karabax kimi təqdim edilirdi. Amma son illər Artsax kimi yazılır və belə təqdim edilir. Nədir bunun əsası?
- Ümumiyyətlə, 1921-ci ilə qədər Dağlıq Qarabağ ifadəsi və ya toponimi işlədilməyib. 1920-ci ildə Ermənistanda daşnak höküməti devrilərək, bolşevik höküməti quruldu. Bolşevik Ermənistan ilə Rusiya arasında 10 avqust 1920-də müqavilə imzalandı. Həmin müqavilədə Rusiyanın Ermənistan dövlətini tanıması, Qarabağ, Zəngəzur və Naxçıvanın Azərbaycan Ermənistan arasında mübahisəli ərazi kimi tanınması əks olundu. Məhz bu müqaviləyə əsaslanaraq 1921- ci ildə Rusiya Kommunist Bolşevik Partiyası Mərkəzi Komitəsi Qafqaz Bürosu Cənubi Qafqaz Respublikalarının sərhədlərinin müəyyənləşməsi üçün S.M.Kirov rəhbərliyində komissiya qurdu. 1921 -ci ildə Kirov öndərliyində Qafqaz bürosu Ermənistana "Qarabağ ilə Zəngəzur üzərindəki iddiaların hüquqi əsaslarını yaratmaq" təlimatı verdi. Ermənistan Xalq Komissarlar Sovetinin sədri Myasnikov imzasıyla erməni mətbuatı bir bəyanat yaydı və Dağlıq Qarabağın Ermənistana birləşdirilməsini tələb etdi. Beləliklə ilk dəfə Dağlıq Qarabağ toponimi belə yarandı. Bu tarixə qədər siyasi və tarixi ədəbiyyatda Dağlıq Qarabağ ifadəsinə rast gəlinmir. 1921-ci ildə Rusiya Kommunist Bolşeviklər Partiyasının Qafqaz Bürosu Dağlıq Qarabağın Ermənistan SSR-ə verilməsi haqqında qərar qəbul etdi. Lakin N.Nərimanov bu qərarı tanımayaraq Rusiya Kommunist Partiyası Mərkəzi Komitəsindən bu işə müdaxilə edilməsini tələb edir. Yenidən İ.Stalinin də qatılması ilə Qafqaz Bürosunun iclası keçirilir, müstəqil Dağlıq Qarabağ vilayətinin yaradılması və Azərbaycan SSR tərkibində “Dağlıq Qarabağ Muxtar Vilayəti" şəklində qalması qərarı qəbul edilib. 1923-cü ildə Azərbaycan SSR MK bu qərarı təsdiq edib.
Dağlıq Qarabağ ifadəsi Ermənistan tərəfindən Qarabağın dağlıq bölgəsinin ermənilərə aid bir bölgə olduğunu iddia etmək üçün ortalığa atılmış bir termindir. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Qarabağ - Şuşa, Qaryagin, Cavanşir və Qubadlıdan ibarət Qarabağ valiliyi yaradılmışdı. Ermənistan Qarabağı Valiliyini bölmək, Qarabağın dağlıq hissəsini Ermənistana birləştirmək üçün Dağlıq Qarabağ ifadəsini yaratdı və sonradan bu bir toponim kimi sovet ədəbiyyatında işlədilməyə başlandı. Fikrimizcə görəcəyimiz əsas işlərdən biri də "Dağlıq Qarabağ" toponimini və ifadəsini ləğv etmək olmalıdır.
- Naqorno Karabax - Dağlıq Qarabağ sözünün hərfi tərcüməsi idi. Və bunun Azərbaycan və türk sözü olması heç kimdə şübhə doğurmurdu. Ermənilər isə bunu dəyişərək Artsax qoymaqla bu adı unutdurmağa və yerin onlara aid olmasına dair fikir formalaşdırmağa çalışırlar. Və bu yerin qədimdə Artsax adlandığını deyirlər. Olubmu belə bir toponim? Bu sözün mənası nədir?
- SSRİ dövründə ermənilər Zəngəzuru Ermənistana birləşdirməyə nail olsalar da, Qarabağı birləşdirməyə nail ola bilmədilər. SSRİ-nin dağılmasından istifadə edərək yenidən Qarabağı işğal etməyə çalışdılar və buna nail oldular. Lakin Ermənistan dünyanın, Azərbaycan torpağını, Qarabağı işğal edərək birbaşa Ermənistana birləşdirmək siyasətinə etiraz edəcəyini bildiyi üçün Ermənistan başqa taktika yeritməyə məcbur oldu. 1. Qarabağda ikinci müstəqil erməni dövləti yaratmaq. 2. Müstəqil Erməni dövlətini Ermənistana birləşdirmək.
Ermənilərin bu siyasətini və istəklərini əslində ATƏT Minsk qrupu beynəlxalq hüquq çərçivəsində reallaşdırmağa çalışırdı. Ermənilər ikinci erməni dövlətinin adını Dağlıq Qarabağ erməni dövləti yox, Artsax erməni dövləti adlandırmağa başladılar. Artsax toponimini gündəmə gətirməklə bu erməni dövlətinin tarixi dərinliyinin və keçmişinin olduğunu məşhurlaşdırmaq istəyirlər. Ermənilər Qarabağı işğal etdiklərini gizlətmək üçün, Qarabağ torpaqlarına gəlmə, köçürülmə xalq olmadıqlarını, yerli-köklü bir xalq olduqlarını təsdiq etdirmək məcburiyyəti hiss etdikləri üçün Artsax toponimini uydurublar. Halbuki, bütün dünya bilir ki, 14 may, 1805-ci ildə bağlanmış Qarabağ xanlığının Rusiya tabeliyinə keçməsi haqqında Kürəkçay müqaviləsinə qədər Qarabağda erməni yaşamayıb və tarixdə heç vaxt nəinki Qarabağda, hətta Qafqazda erməni dövləti olmayıb. Ermənilər Qafqaza və Qarabağa, İrəvan bölgəsinə Rusiyanın rəhbərliyi və himayəsi ilə 1828-1918, 1920-1988 ci illərdə köçürülüb və bu köç dalğası yenə də, 1988-2020-ci illərə qədər davam etməkdədir. Erməni köçləri haqqında Rusiyada, Avropada, Osmanlı və Qacar İran tarixşünaslığında minlərlə mənbə, arxiv, ədəbiyyat vardır. Ermənilər Qarabağda öz qədimliklərini isbat etmək üçün məhz xristianlığa istinad edirlər. Çünki ilk xristian məbədini burada sak tayfaları tikib. E.ə. VII əsrdən etibarən Azərbaycanda, Kür - Araz ovalığında sak tayfaları məskunlaşmışdılar. Böyük tarixçi Zəki Vəlidi Toğanın İslam Ensiklopediyasında nəşr olunmuş Azərbaycan adlı məqaləsində sakların bu bölgədə məskunlaşdırdığı, şəhərlər salması, yollar çəkilməsi haqqında geniş bilgilər var. Azərbaycan tarixçiləri Əbdürrəşid Bakuvi, Rəşid Bəy İsmayılov, Mirəli Seyidov, Qiyasəddin Qeybullayev də bu haqda bilgilər veriblər. Ər sak, türkcəmizdə sak ərləri anlamındadır və bunun ermənilərlə heç bir aidiyyatı yoxdur. Ermənilər adı erməniləşdirərək "Artsax"a çeviriblər.
Ermənilər Artsax toponimini ona görə gündəmə gətirmişdilər ki, öz tarixlərini sakların tikdiyi qədim kilsəyə qədər aparıb çıxara bilsinlər, aborigenliklərini sübut edə bilsinlər. Halbuki İslam öncəsi Qafqazda türklər bir çox dinlərə- zərdüştilik, maniheizm, iudaizm və xristianlıq dinlərinə inanırdılar. Azərbaycanda ilk xristianlıq da erməni- haylarla yox, yerli türklərlə başlayıb. Bu günkü erməni Qriqoryan kilsəsinin kodekslərinin çoxu qıpçaq türkcəsindədir və bu kodekslər dünyanın ən məşhur muzeylərində qorunub saxlanılır. Bəxtiyar Tuncay bu kodeksləri bir yerə toplayıb kitab nəşr etdirib. Bir sözlə, ermənilər Qarabağda öz tarixlərinin başlanğıcını kilsənin yaranması tarixinə bağlayırlar ki, burada çoxlu spekulyativ məlumatlara və yozumlara yer verə bilsinlər.
- Ümumiyyətlə, Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərdə demək olar ki, bütün kənd, qəsəbə və şəhərlərin adları ermənilər tərəfindən işğaldan sonra və hətta əvvəl də dəyişdirilib. Məsələn, Stepanakert, Mardakert işğaldan əvvəl, sovet dövründə ermənilərin istəyi ilə dəyişdirilib. İşğaldan sonra isə demək olar bütün işğal etdikləri kənd və şəhərlərin adları dəyişdirilib. Bu toponimlərlə oynamağın məqsədi nədir? Bu siyasətlə onlar özününküləşdirmə məqsədlərinə yaxınlaşa bilirlərmi?
- Ermənilər təkcə Qarabağda toponimləri saxtalaşdırmayıblar. Məsələn, təkcə indiki Azərbaycan ərazindəki "Su qovuşan"ı "Madagiz"ə çevirməyiblər, həm də köçürüldükləri və işğal etdikləri İrəvan mahalını-Qərbi Azərbaycan yaşayış məskənlərinin toponimlərini dəyişib erməniləşdiriblər. AMEA-da akademik Budaq Budaqovun və Qiyasəddin Qeybullayevin redaktorluğu və həmmüəllifliyi ilə 1998- ci ildə "Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti" adlı kitab çap olunub. Bu kitabda Ermənistan ərazisindəki bütün türk toponimlərinin necə erməniləşdirildiyi göstərilib. Bu toponimlər bizə göstərir ki, Ermənistan adlı dövlət türk torpaqları üzərində işğal, etnik təmizləmə və soyqırım yaratmaqla qurulub.
- Elə kənd və şəhərlər var ki, onlar işğaldan azad olduqca biz onların tarixi adlarını ilk dəfə eşidirik. Məsələn, Madaqiz işğaldan azad olunduqdan sonra oranın tarixi adının Suqovuşan olduğunu bildik. Və ya Hadrutun tarixi adının Ağoğlan olduğunu öyrəndik. İllərdir bu adları eşidəndə bizim özümüzdə bir çaşqınlıq yaranırdı ki, necə olur ki, Azərbaycan torpaqlarında bu adda yerlər olub. Çünki tarixi adları bilmirdik. Niyə tarixi adlar təbliğ olunmayıb? Niyə onların toponim siyasətinə qarşı Azərbaycan tarixi toponim siyasətini həyata keçirməyib?
- Ermənilər yaşadıqları bütün torpaqları erməni torpağı adlandırmaq və orada gələcəkdə erməni dövləti qurmaq üçün dərhal toponimləri dəyişirlər. Bu bölgənin, ərazinin əvvəlki tarixinə qarşı törədilmiş vandalizmdir. Ermənilər tarixə, millətlərə və mədəniyyətlərə hörmət etmirlər. Toponimləri dəyişdirib erməniləşdirmək genosidin bir növüdür. Bu genosiddir.
Qarabağda məskunlaşdıqdan sonra da tarixi türk adlarını dəyişib erməni adları qoyublar. SSRİ dövründə SSRİ rəhbərliyi Qarabağda ermənilərin sayını çoxaldaraq etnik disbalans yaratmışdı. Bu planın arxasındakı əsas məqsəd bir gün Qarabağın Ermənistana birləşdirilməsinə zəmin hazırlamaq idi. Bu erməni toponimlərinin dəyişdirilməsinə SSRİ və sonra da Ermənistanın işğalları mane olurdu. İnanın, torpaqlarımız işğaldan azad olan kimi yerli türk toponimləri bərpa olunacaqdır. Bunlar qələbədən sonra həll olunacaq.
- Həmin torpaqlar orada kimin yaşamasından asılı olmayaraq Azərbaycanın suveren əraziləridir. Bundan sonra həmin ərazilərin tarixi adlarının bərpa olunması labüddürmü? Hansı tarixi adlar bərpa olunmalıdır?
- Qarabağ işğaldan azad olunduqdan sonra bütün erməniləşdirilmiş toponimlərimiz şübhəsiz ki, bərpa olunmalıdır. Lakin bununla bərabər, indi Ermənistan adlanan tarixi türk torpaqlarımızda-Qərbi Azərbaycanda mövcud olmuş bütün mahallarımızın, şəhərlərimizin, bölgələrimizin, abidələrimizin adları və tarixləri dərsliklərə salınmalı, bütün millətimizə təbliğ olunmalıdır. Bütün toponimlərimizi yadda saxlamalıyıq. Toponimlər keçmişdən gələcəyə körpüdür.
Son olaraq onu deyim ki, ermənilər mənim doğulduğum Qaraqaya kəndinin adını dəyişərək Dzorovəng qoyublar. Bizim rayonumuzun adı Çəmbərəkdir. Onu da dəyişərək rusca Krasnoselsk ediblər.