“Ən son dünən axşam Putinlə danışdıq. Son hadisələri ətraflı müzakirə etdik. Dedim ki, Qafqazdakı bu işə son verək. İstəyirsənsə, bu işi birlikdə həll edə bilərik. Siz Paşinyanla bunu müzakirə edin, mən də İlham qardaşımla. Amma bir şeyə qərar vermək lazımdır. Bu işi həll edəcəyik, yoxsa etməyəcəyik? Biz səmimiyik, mən sizin də səmimi olmağınıza inanıram. Ancaq qırmızı xəttimizi də dedim. Bu qırmızı xətt keçilərsə, inciməsinlər, atamızın oğlu da olsa gözümüz görməz”.
Bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
“Bizə deyirlər ki, Suriyadan Azərbaycana silahlı göndərirsiniz. Mən də Putinə söylədim ki, hazırda kəşfiyyat vasitəsilə təsdiq etdiyimiz 2 min civarında PKK və YPG-lilər Ermənistandan aldıqları 600 dollar maaşla orada savaşırlar. Mənə deyir ki, onlardan xəbərim yoxdur. Elə mən də sizə xəbər edirəm bu barədə dedim. Təbii ki, hörmətli Putinin PKK-ya üz verəcəyini düşünmürəm, ancaq Paşinyana bunu deməlidir. Əks təqdirdə lazım olanı edərik”, - dövlət başçısı qeyd edib.
Ərdoğan deyib: “Azərbaycanlı qardaşlarım hazırda itirdikləri torpaqlarının ciddi qismini geri alıblar. İnşallah, ən qısa zamanda itirdikləri torpaqların tamamını geri alacaqlar və Azərbaycan türkləri yenidən torpaqlarına qayıdacaqlar. İnanıram ki, zəfər azərbaycanlı qardaşlarımındır. Rəbb yar və yardımçıları olsun! Buradakı mübarizədə hər an yanlarında olduq, yanlarında olmağa davam edəcəyik”.