Bir ay əvvəl Ərdəbilin Cıral parkında keçirilən Qarabağa dəstək mitinqində tutulan 8 türk fəal oktyabrın 29-da şəhərin mərkəzi həbsxanasından müvəqqəti olaraq sərbəst buraxılıb. Fəalların mühakimə prosesi Ərdəbil İnqilab Məhkəməsində davam edəcək.
Əsgər Əkbərzadə, Mehdi Huşmənd, Muctaba Pərvin, Mustafa Pərvin, Bəhmən Xeyrcu, Murtaza Pərvin, Sübhan Bəxşi və Meysəm Colani sentyabrın 29-da bir neçə digər fəalla birlikdə nəzarət altına alındıqları zaman polis və təhlükəsizlik qüvvələri tərəfindən ağır şəkildə döyülmüşdülər.
Amerikanın Səsinin bölgədə fəaliyyət göstərən hüquq müdafiəçilərindən əldə etdiyi məlumata görə, fəalların hər biri 500 milyon tümənlik mülki zəmanət qarşılığında azad edilib.
Ərdəbilin Cıral parkında keçirilən mitinqdə saxlanılan digər fəallar, o cümlədən Pərviz Siyabi, Məhəmməd Colani, Səccad Colani, Hüseyn Balaxanı və Hamid Heydəri daha əvvəl mülki zəmanət qarşılığında müvəqqəti olaraq sərbəst buraxılmışdılar.
Keçən həftələrdə Ərdəbildən Amerikanın Səsinə danışan milli fəal Araz Süleymani sentyabrın 29-da Ərdəbilin Cıral parkında məmurların təqribən 20 nəfəri nəzarət altına alaraq mitinqin baş tutmasına mane olduqlarını bildirmişdi.
Sentyabrın 29-dan bəri İran Azərbaycanı və türklərin yaşadığı digər bölgələrdə keçirilən Qarabağa dəstək mitinqləri ilə əlaqədar ən azı 200 nəfər nəzarət altına alınıb. Araz Süleymani Amerikanın Səsinə müsahibədə tutulanlardan 100-dən çoxunun adının dəqiqləşdirildiyini qeyd etmişdi.
Mitinqlərdə saxlanılan fəalların bir çoxu mülki zəmanət qarşılığında sərbəst buraxılsa da, onların haqqında başladılan mühakimə prosesi davam edəcək.