27 Yanvar 2020
Mətni dəyiş
Mərkəzi Seçki Komissiyası (MSK) 2020-ci il fevralın 9-da Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək seçkilərlə əlaqədar seçki bülletenlərinin çapına başlayıb.
Bu məqsədlə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov və Komissiya üzvləri yanvarın 27-də Milli Məclisin mətbəəsinə baxış keçirərək, çap prosesinin gedişi və mətbəədə yaradılan şəraitlə tanış olublar.
Tədbirdə MSK sədri Məzahir Pənahov seçicilərimizin öz konstitusion hüquqlarından azad və sərbəst şəkildə istifadə etmələri üçün mühüm əhəmiyyət kəsb edən bülletenlərin Seçki Məcəlləsində nəzərdə tutulan vaxtda və qaydada hazırlanıb çap edilməsi, eləcə də aşağı seçki komissiyalarına verilməsi üçün qanunvericiliyin tələblərinə dəqiqliklə riayət olunmasının zəruriliyini diqqətə çatdırıb və tövsiyələrini verib.
Milli Məclisə seçkilərin iştirakçısı olan bütün maraqlı subyektlər, beynəlxalq təşkilatlar, seçki müşahidə missiyaları və kütləvi informasiya vasitələri üçün istisnasız açıq və şəffaf olan tədbir çərçivəsində Mərkəzi Seçki Komissiyasının sədri media mənsubları üçün brifinq keçirərək seçkilərin azad və ədalətli baş tutması istiqamətində gerçəkləşdirilən layihələr, həmçinin son hazırlıq işləri barədə ətraflı məlumat verib və jurnalistlərin suallarını cavablandırıb.
Sədr bildirib ki, Milli Məclisə seçkilərlə əlaqədar seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanma qaydasına dair tələblər Komissiyanın qərarına əsasən müəyyən olunub və 5 387 600 (beş milyon üç yüz səksən yeddi min altı yüz) seçki bülleteni çap olunması nəzərdə tutulub. Bülletenlər çap olunduqca, Seçki Məcəlləsinin tələblərinə uyğun şəkildə Mərkəzi Seçki Komissiyasından dairə seçki komissiyalarına, oradan isə məntəqə seçki komissiyalarına veriləcək.
Qeyd edək ki, seçki bülletenlərinin çap prosesinin mühafizəsi Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən həyata keçirilir.