21 Yanvar 2020
Mətni dəyiş
Bu gün, yanvarın 20-də müxalifət partiyalarının liderləri də Şəhidlər Xiyabanını ziyarət ediblər. Əvvəlcə ReAL, Müsavat partiyalarının, sonra isə Milli Şuranın rəhbərliyi xiyabanda olublar.
Amma müxalifət partiyalarının liderlərinin tərəfdarları ilə birgə, kütləvi şəkildə Şəhidlər Xiyabanına buraxılmadığı bildirilir.
Bu barədə AzadlıqRadiosuna partiyaların özlərindən də məlumat verilib.
«İlk dəfədir belə halla rastlaşıram» Müsavat Partiyasının başqanı Arif Hacılı bildirib ki, partiyanın cəmi 20-30 fəalına birgə Şəhidlər Xiyabanına daxil olmağa imkan verilib: «Bizi çox gözlətdilər, sonra kiçik qruplara böldülər. Qabağımızda olan ziyarətçilər çoxdan keçsə də, bizə keçməyə imkan vermirdilər. Təxminən yarım saatdan sonra keçə bildik və bizdən sonra da uzun müddət heç kəsi buraxmadılar. Hakimiyyət süni tıxac yaratdı. 30 ildir Şəhidlər Xiyabanını ziyarət edirəm, ilk dəfədir belə halla rastlaşıram».
Milli Şuraya daxil olan Azərbaycan Xalq Cəbhəsi Partiyasından (AXCP) da oxşar halla rastlaşdıqlarını bildiriblər. Partiya sədri Əli Kərimlinin sözlərinə görə, 20 nömrəli məktəbdən Şəhidlər Xiyabanına qədər məsafəni iki saata keçə biliblər: «Süni əngəllər, qarşıdurma yaradıldı, polislər bizi yolboyu kiçik qruplara böldülər. Cəmi 15 nəfəri bizimlə bir yerdə Şəhidlər Xiyabanına buraxdılar. Nə qabaqda, nə də arxada kimsə var idi. Bizdən qabaqda olan ziyarətçilər çoxdan keçdi, lakin bizi qəsdən saxladılar».
Baş verənlərə, hələlik, Daxili İşlər Nazirliyi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.