Azərbaycanda qanunsuz spirtli içkilərin istehsalı ilə məşğul olan 14 nəfər həbs edilib.
Bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti rəsmi açıqlama yayıb. Məlumata görə, yanvarın 9-da Baş Prokuoroluqda keçirilən müşavirədə baş prokuror Zakir Qaralov bildirib ki, saxta içkilərin hazırlanması ilə məşğul olan 14 şəxs prokurorluq tərəfindən saxlanılıb.
Z.Qaralovun sözlərinə son günlər saxta yolla hazırlanmış spirtli içkilərdən zəhərlənmə faktları ilə bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində cinayət işi açılıb.
Onun sözlərinə görə, cinayət işi üzrə spirtli içkiləri kustar üsulla istehsal edən, həmin içkilərin ictimai iaşə və ticarət obyektlərində satışını təşkil edən şəxslər haqqında həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, son günlər kustar üsulla hazırlanmış spirtli içkilərdən zəhərlənərək bir neçə nəfər ölüb, daha bir neçə nəfər isə zərər çəkib.