Keçmiş xarici işlər naziri İsveçrədə vəfat etdi

Keçmiş xarici işlər naziri İsveçrədə vəfat etdi
29 Yanvar 2020
Mətni dəyiş
Azərbaycanın keçmiş xarici işlər naziri (AXC-Müsavat hökuməti) Tofiq Qasımov uzun illərdir mühacirətdə yaşadığı İsveçrədə vəfat edib. Bu xəbəri AMEA-nın Fizika İnstitutunun əməkdaşı Mirbaba Babayev Facebook-da paylaşıb. Onun cənazəsi İsveçrədə dəfn olunub. Tofiq Qasımov 1938-ci ildə Ağstafa rayonunda olub. 1945-1955-ci illərdə Ağstafa dəmir yol məktəbində oxuyub. 1955-1960-cı illərdə Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsində təhsil alıb. Universiteti 1960-cı ildə Stalin təqaüdçüsü kimi bitirib və EA Fizika institutuna işə göndərilib. Leninqrad şəhərində SSRİ EA-nın Fizika-Texnika İnstitutunda aspirant olub və 1969-cu ildə Leninqrad Yarımkeçiricilər İnstitutunun elmi şurasında namizədlik dissertasiyası müdafiə edib, fizika-riyaziyyat elmləri namizədi adı alıb. 1970-ci ildən Azərbaycan EA-nın Fizika İnstitutunun elmi işçisi olub. 100-ə qədər elmi əsərin müəllifi idi. “Tofiq Qasımov ötən bazar günü – yanvarın 26-da vəfat edibmiş. Ailəsi bu barədə Azərbaycana gec məlumat verib”. Bunu Modern.az-a açıqlamasında Müsavat Partiyasının başqanı Arif Hacılı deyib. O qeyd edib ki, keçmiş xarici işlər naziri Tofiq Qasımov artıq dəfn olunub. O yanvarın 27-də uzun illərdir yaşadığı İsveçrənin Lütsern şəhərində müsəlman qaydası ilə torpağa tapşırılıb: “Tofiq Qasımovun özünün vəsiyyəti, yoxsa ailəsinin istəyi ilə bu cür addım atılıb – hələlik bu barədə məlumatımız yoxdur. Müsavat Partiyası Tofiq bəyin anım tədbirini keçirməyi düşünür. Onun xatirəsinin yad edilməsi üçün addımlar atılacaq. Çünki o, Azərbaycan üçün böyük işlər görmüş siyasətçi, Azərbaycanın sabiq xarici işlər naziri, görkəmli alim idi. Müsavat Partiyasının da üzvü idi. Onun vəfatı bütövlükdə Azərbaycan xalqı üçün böyük itkidir”. [caption id="attachment_84681" align="aligncenter" width="626"] Tofiq Qasımov və Sabir Rüstəmxanlı parlamentdə.[/caption] O 1992-ci ilin mayında Azərbaycan Respublikasının xarici işlər naziri təyin olunub, 1993-cü ilin aprelinə qədər bu vəzifədə işləyib. 1993-cü ildə Əbülfəz Elçibəyin prezident vəzifəsindən uzaqlaşdırılmasına etiraz əlaməti olaraq, vəzifəsindən gedib.  1995-ci ildə mart qiyamında şübhəli bilinərək həbsdə yatıb. Sonradan azadlığa çıxan eks-nazir ölkəni tərk edərək, bir müddət Türkiyə universitetlərində dərs deyib. Oradan Norveçə köçən T.Qasımov  daha sonra İsveçə mühacirət edib. Oradan isə İsveçrəyə gedib. 2 qızı var. O, indiyə qədər həyat yoldaşı və qızları ilə İsveçrənin Lütsern şəhərində yaşayırdı.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun