21 Yanvar 2020
Mətni dəyiş
Azərbaycanda dəyəri yüksək olan 150-dən çox cərrahi əməliyyat icbari tibbi sığorta sistemi çərçivəsində həyata keçiriləcək.
Bu barədə İcbari Tibbi Sığorta Agentliyinin koordinatoru Səbinə Quliyeva məlumat verib. O bildirib ki, icbari tibbi sığortanın tibbi xidmətlər zərfinə təcili və təxirəsalınmaz, ilkin səhiyyə xidməti, ixtisaslaşdırılmış ambulator tibbi yardım və stasionar tibbi yardım üzrə 2500 sayda tibbi xidmət daxildir:
"Zərfə daxil edilmiş tibbi xidmətlər yalnız tibbi göstəriş olduğu halda İcbari Tibbi Sığorta Agentliyi ilə müqavilə bağlamış tibb müəssisələrində göstərilir. Bunlardan təcili və təxirəsalınmaz tibbi yardım üzrə 6, ilkin səhiyyə xidməti üzrə 35, ixtisaslaşdırılmış ambulator yardım üzrə 1265 və stasionar tibbi yardım üzrə 1244 xidmət təminata alınıb.
Ölkədə geniş yayılmış, əlillik və ölüm riski olan xəstəliklərin stasionar şəraitdə medikamentoz və cərrahi müalicəsi icbari tibbi sığorta təminatına alınıb. Təminata alınmış əməliyyatlar sırasında sayı 150 xidmətdən çox olan həyati vacib - dəyəri yüksək olan əməliyyatlar da daxildir. Stasionar tibbi xidmətlərin sayı 950-yə yaxındır. Stasionar terapevtik xidmətlərə isə 3 mindən artıq diaqnozları əhatə edən tibbi xidmətlər daxildir. İcbari tibbi sığortanın birinci mərhələsinə aid olan 23 ərazi vahidində 2 milyondan yuxarı vətəndaşa xidmət göstərilir".
Qeyd edək ki, İcbari tibbi sığortanın Xidmətlər Zərfi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli qərarı ilə təsdiqlənib.