Tarixin Ruhulla Axundov görkü: faciəvi, ancaq ibrətamiz... - Elnur Astanbəyli

Tarixin Ruhulla Axundov görkü: faciəvi, ancaq ibrətamiz... - Elnur Astanbəyli
9 Sentyabr 2019
Mətni dəyiş

1-ci epizod

“Ruhulla Axundov o dərəcədə döyülürdü ki, axırda onu Sumbatovun (Azərbaycan SSR xalq daxili işlər komissarı – E.A.) otağından xərəkdə çıxarırdılar”.

Bu cümlə “Məhv edilmiş türkoloqlar” (müəllifləri: .D.Aşnin, V.M.Alpatov, D.M.Nasilov) kitabındandır.

Bir zamanlar sovetləşməyə ölkəsinin xilası kimi baxan, rus-bolşevik işğalını xalqın yeganə qurtuluşu kimi görən, 1920-ci ilin 28 aprelində Sovet hakimiyyətinin Azərbaycanda zor gücünə bərqərar edilməsindən sonra ən yüksək postları tutan Ruhulla Axundovu  cəmi 17 il sonra uğrunda gecə-gündüz çarpışdığı bir rejimin zindanında ağlagəlməz işgəncələrin qurbanına çevrilir.

Təsəvvürə gətirmək çətindir, deyilmi?

Əslində isə bu cür sonluq təəccüblü yox, məntiqlidir: bütün totalitar rejimlərin təcrübəsi göstərir ki, onlar gec-tez elə öz “balalarını” da amansız bir iştahla həzm-rabedən keçirə bilirlər.

Bundan əvvəl 1937-ci ilin “Şamaxı işi” ilə bağlı yazımızda bu acı, amma ibrətamiz gerçəkliyə toxunmuşduq. Oxucu marağı həmin ilin repressiya (başqa bir adla desək, qırmızı terror!) qurbanlarından danışarkən həyatlarını sovetləşmənin qələbəsi və möhkəmlənməsi uğrunda mübarizəyə sərf edənlərin faciəvi sonluğu haqqında yenidən danışmağa məcbur etdi.

Yuxarıda da dediyimiz kimi: bu faciəvi sonluq eyni zamanda ibrətamizdir, ondan dərs çıxarılmalı çox şey var.    

2-ci epizod

Kimin ağlına gələrdi ki, 1934-cü ildə, SSRİ Kommunist Partiyasının XVII qurultayında “xalqlar atası” İosif Stalinin şəxsən görüşüb qucaqlaşdığı, bir il sonra isə Sovet İttifaqının ən yüksək təltiflərindən birinə – “Lenin” ordeninə layiq görülən R.Axundov cəmi bir neçə il sonra “düşmən” elan ediləcək və ölümə göndəriləcəkdi?

O, 13 yanvar 1897-ci ildə Bakının Şüvəlan kəndində müəllim ailəsində anadan olub.  Mədrəsədə və müasir tipli (“realni”) məktəbdə təhsil alıb.

1916-cı ildən Bakı mətbəələrində korrektor və tərcüməçi işləyib. 1917-ci ildən "sol" eser qrupunun üzvü olsa da, 1918-ci ildə bu qrupla bolşeviklərin münasibətlərinin kəskinləşməsi səbəbindən seçimini ikincilərdən yana edib.

1919-cu ilin mayından Kommunist Partiyası sıralarına keçib və Azərbaycan Cümhuriyyətinə qarşı əks fəaliyyətini gücləndirib.

O iddia edirdi ki, istiqlaliyyəti elan olunmuş Azərbaycana baxdıqda addımbaşı təcavüz, zülm, səfalət görmək olar, başqa da heç nə... Aşkar şəkildə Cümhuriyyətin legitimliyini rədd edən Ruhulla Axundov bu istiqlalın fəhlə və kəndlilərin həyatında heç bir müsbət dəyişiklik yaratmadığına işarə vururdu, halbuki sovetləşmənin ilk illərindəcə Sovet Azərbaycanının başqa bir qurucusu Nəriman Nərimanov bir çox başqaları ilə birlikdə elə Ruhulla Axundovun özünü də öz şəxsi mənfəətləri naminə həmin bu Sovet Azərbaycanını simasızlaşdırmaqda, onun mənafeyini satmaqda günahlandıracaqdı! 

3-cü epizod

R.Axundov rus-bolşevik işğalından sonra bir çox yüksək postlar tutmuşdu.

R.Axundov 1924-1930-cu illərdə Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin (KP MK) katibi, Azərbaycan SSR xalq maarif komissarı kimi vəzifələr tutub.

Karl Marksın əsərlərinin dilimizə tərcüməsi, 1928-1929-cu illərdə nəşr olunmuş ikicildlik ilk "Rusca-türkcə lüğət" onun adı ilə bağlıdır.

1927-ci ilin noyabrında Azərbaycan SSR KP-nın VIII qurultayında həmin vaxt xalq maarif komissarı postunu tutan Axundovun məruzəsi dinlənildi və ümumi ibtidai təhsilə keçmək üçün hazırlıq işlərinə başlamaq haqqında qərar qəbul edildi.

Bir il sonra – 1928-ci ildə məhz onun tapşırığı ilə "Kommunist" qəzetində “gənc nəslin millət və din əleyhinə tərbiyə edilməsi üçün” 6 təklif irəli sürüldü. Bu təkliflərdən bəzilərinə görə, “millətçi müəllimlər məktəblərdən çıxarılmalı”, “müəllimlərin proletar sinfindən olmasına əhəmiyyət verilməli”, “komsomol və pioner dərnəkləri məktəblərdə kəndli fəaliyyətlərini artırmalı və millət əleyhinə proqramlarını çoxaltmalı”, “milli bayramlar tamamilə ləğv edilərək bunların yerinə inqilab bayramları qoyulmalı” idi.

R.Axundov latın əlifbasının qızğın tərəfdarlarındandı və 1929-cu ildə Azərbaycanda ərəb əlifbasının latın əlifbası ilə əvəzlənməsində onun mövqeyi əhəmiyyətli rollardan birini oynamışdı.

1932-ci ildə yaradılan SSRİ Elmlər Akademiyası Zaqafqaziya filialının Azərbaycan şöbəsinə (onu hazırkı Azərbaycan Milli Elmlər Akademiyasının – AMEA-nın sələfi də adlandırmaq olar) məhz Axundov rəhbər təyin edilmişdi.

Tərcümeyi-halındakı o dövr üçün kifayət qədər önəmli sayıla biləcək bu məqamları xatırlatmaqda məqsədimiz var: Ruhulla Axundov Sovet Azərbaycanında həm vəzifə, həm də ideoloji baxımdan mühüm sima idi; lakin bunların heç biri onun “qırmızı terror” qurbanına çevrilməsinin qarşısını almaq üçün yetərli olmadı.

4-cü epizod

Ruhulla Axundova qarşı münasibətin kəskin dəyişməsi Mir Cəfər Bağırovun 1933-cü ilin oktyabrında Sovet Azərbaycanının rəhbərliyinə gətirilməsindən sonra başlayır. Hərçənd 1920-ci illərdə onların münasibətləri pis deyildi, hətta yaxın dost olduqlarını iddia edənlər də var.

Növbəti onilliyin ortalarında isə Bağırov artıq Axundova rəqiblərindən biri kimi baxır, yerinə göz dikdiyini düşünür və bu səbəbdən də onu zərərsizləşdirmək üçün yollar axtarırdı.

1937-ci il iyunun 8-də "Pravda" qəzetində Rıklin imzası ilə "Düşmənin hiylələri" adlı məqalə dərc ediləndən sonra artıq Ruhulla Axundovu ağır günlərin gözlədiyini güman etmək çətin deyildi. Həmin məqalədə o,  təkcə “trotskiçi” yox, həm də “müsavatçı” elan olunmuşdu.

Bəli, bəli, “müsavatçı”!

Taleyin kədərli ironiyasına baxın: 1919-cu il mayın 28-də, Azərbaycan Cümhuriyyətinin bir yaşını qeyd etdiyi gündə yazdığı məqaləsində ona ən ağır ittihamlar yağdıran, onun qurucularını, rəhbərlərini “millətin bütün haqqını qəsb edən bir ovuc müftəxor, müstəbid” adlandıran,  Cümhuriyyəti “zavallı millətin boynuna yeni, açılmaz, qırılmaz zəncirlər taxmaqda” günahlandıran biri öz sevimli rejimi tərəfindən cəmi 18 il sonra “müsavatçı” elan edilir, Sovet Azərbaycanının “bütün təşkilat və idarələrini öz adamları ilə, gizli və açıq düşmənlərlə “zibilləməkdə”” günahlandırılırdı.

5-ci epizod

“Pravda”dakı yazının üstündən cəmi 6 ay keçdikdən sonra, 1937-ci ilin soyuq bir dekabr səhəri Ruhulla Axundov evdən çıxıb işə gedərkən yaşadığı binanın qarşısında saxlanılır.

Elə həmin gün də sevimli partiyasının sıralarından qovulur.

Çox sonralar, 1954-cü ildə Mir Cəfər Bağırov öz dindirməsi zamanı Axundovun həbsinə Stalindən icazə istədiyini deyəcək, onun haqqında ittihalardan ibarət qovluğu Moskvaya göndərdiyini, həbsi barədə razılıq aldıqdan sonra bu addımın atılacağını söyləyəcəkdi.

Yeri gəlmişkən: Stalin həbs icazəsi verməmişdən əvvəl Bağırovdan Azərbaycanda nəşriyyat və poliqrafiya sahəsində Axundovu əvəz edəcək bilikli və təcrübəli şəxsin olub-olmadığını soruşur, qarşı tərəfdən müsbət cavab aldıqdan sonra razılığını bildirir.

6-cı epizod

Ruhulla Axundov haqqında ittihamlar arasında “Şamaxı işi” çərçivəsində başqa bir “görkəmli inqilabçı” Həmid Sultanovun NKVD-dəki “etirafedici ifadələrinin” mühüm rolu olub.

Həmin ifadələrində o, qarşısına “yerli sovet hökumətini yıxaraq Azərbaycan SSR-ni SSRİ-dən ayırmaq və kapitalist mülkiyyəti bərpa etmək”, “partiya rəhbərlərinə, hakimiyyətə qarşı terror aktları, xalq təsərrüfatında ziyanvericilik və casusluq etməyə hazırlıqlar görmək” kimi məqsədlər qoymuş “əksinqilabi millətçi mərkəzin” rəhbəri olaraq məhz Ruhulla Axundovu göstərmişdi.

“Şamaxı işi” ilə bağlı yazımızda dediyimiz kimi: 1937-ci il oktyabrında Şamaxıda "əksinqilab millətçi mərkəz”in mühakiməsi başlanmış, həmin iş üzrə çoxsayda insan cəzalandırılmışdı.

Xüsusilə H.Sultanovun ifadələri R.Axundov başda olmaqla, onlarla insanın güllələnməsində müstəsna rol oynamışdı, hətta  “etirafları ilə repressiyanın amansız cəngindən qurtula biləcəyini düşünən “görkəmli inqilabçı”nın özü də güllələnməkdən xilas olmağı bacarmamışdı.

7-ci epizod

R.Axundov həbs olunduqdan sonra “cinayətlərinin hədsiz ağır olması səbəbilə” Moskvaya aparılır. Bir müddət burada saxlanılır, həmin müddətdə təzyiqlərə dözə bilməyib “günahlarını boynuna alır”.

Moskvaya aparılmamışdan əvvəl isə Bakıda, Sumbatovun otağında, bəzi iddialara görə, bir çox hallarda M.C.Bağırovun iştirakı ilə R.Axundov dəhşətli şəkildə döyülür, yazımızın ilk cümləsində deyildiyi kimi, həmin otaqdan halsız, yarımcan vəziyyətdə, xərəkdə çıxarılırdı. Bu işgəncələrdən ağlını itirmək dərəcəsinə çatan Axundov hətta tanımadığı adamları belə “rəhbəri olduğu təşkilatının fəal üzvü” adlandırmalı olurdu.

Moskvadakı zindandan Xalq Daxili İşlər Komissarı Yejovun adına yazdığı “etirafedici” məktub belə onun köməyinə çatmır və...

8-ci epizod

Və 1938-ci ilin 21 apreli.

41 yaşlı Ruhulla Axundov haqqında güllələnmə hökmü yerinə yetirilir.

Ertəsi gün isə 20 ilə yaxın yolunda yorulmadan çarpışdığı, əsərlərini ilk dəfə dilimizə çevirdiyi, cəmi 11 il əvvəlki məqaləsində “bəşəriyyət naminə tarixdəki bütün alimlərin birlikdə gördüyü işdən daha çox iş gördüyünü” yazdığı dahi rəhbərin – Leninin doğum günü idi...

9-cu epizod

Ruhulla Axundov “Komsomol” jurnalının 1927-ci il sayında müsavatçıların Şura hökumətinin möhkəmliyini görüb “acığından ala köpəyə dönməsindən, zəncir çeynəməsindən”, onların “aclıqdan və rəzalətdən Avropa paytaxtlarının küçələrində sülənməsindən” yazarkən yəqin heç vaxt ağlına gəlməzdi ki, çox keçməyəcək onun özünü “müsavatçı” elan edəcək, bu ittihamla da güllələyərək Moskvadakı siyasi terror qurbanlarının basdırıldığı “ölüm poliqonuna” – “Kommunapark” a göməcəklər.

Ancaq həyat həm də bax elə bu cür ağlasığmazlıqlar deməkdir.

Ağla gəlməyənlər başa gəldikdə isə bu adətən insanın özü üçün faciəyə, başqalarından ötrü isə ibrətə çevrilir.

Ruhulla Axundovla bağlı olduğu kimi...

Elnur Astanbəyli

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun