Rusiyada sentyabrın 8-də Moskva Şəhər Dumasına keçirilən seçkilərdən sonra Rusiya prokurorluğu müxalifət lideri Aleksey Navalninin qərargahında və başqa 41 şəhərdə müxalifətin qərargahlarında, seçki koordinatorlarının evlərində axtarışlara başlayıb.
Müxalif "FBK" fondunun (Korrupsiya ilə Mübarizə Fondu) məlumatına görə axtarışların səbəbi müxalifətin seçkilərdə tətbiq etdiyi "Ağıllı səsvərmə" metodunun uğur qazanması ola bilər.
Sentyabrın 12-də müxalif Korrupsiya ilə Mübarizə Fondunun rəhbəri Leonid Volkov mətbuata açıqlamasında deyib ki, Moskvanın Basmanni məhkəməsi müstəntiq Rüstəm Qabdulinə "FBK" ilə bağlı açılmış "çirkli pulların yuyulması" cinayət işi ilə bağlı 94 yerdə axtarış aparmaq göstərişi verib.
Navalninin özünün məlumatına görə axtarışlar Rusiyanın 41 şəhərində 150 ünvanda aparılır.
Müxalif fəalların vəkili, "Agora" vəkil qrupunun üzvü Pavel Çikov isə deyib ki, prokurorluq təkcə "FBK" fondunu və Navalninin qərargahlarını hədəfə almayıb, həm də "Ağıllı səsvermə" sistemi olan "Qolos" aktivistlərini hədəfə alıb.