Azərbaycan Dillər Universitetinin müəllimi Vüsalə Ağabəyli bu təhsil müəssisəsinin rəhbərliyinə qarşı məhkəmədə daha bir iddia qaldırıb.
V.Ağabəyli universitetin rektoru Kamal Abdullanın ona töhmət verilməsi barədə əmrinin qanunsuz sayılması, ödənilməmiş əməkhaqqısının ödənilməsi, maaşından qanunsuz tutmaların qadağan edilməsini istəyir.
Meydan TV-nin məlumatına görə. V.Ağabəylinin bu barədə iddiasına Nəsimi Rayon Məhkəməsində baxılır.
Universitetin filologiya və jurnalistika fakültəsinin keçmiş dekanı olan V.Ağabəyli iddia ərizəsində yazır ki, onun dekan vəzifəsindən azad edilməsi, töhmət verilməsi barədə rektorun əmrləri qanunsuz olub.
Onun sözlərinə görə, töhmət verilməsi, işdən azad edilmə barədə əmrlərin qanunsuz hesab olunması, işəbərpa və məcburi işburaxmaya görə əməkhaqqının ödənilməsi tələbilə məhkəməyə müraciət etsə də, iddiası təmin olunmayıb.
V.Ağabəyli dekan vəzifəsindən azad ediləndən sonra yarımştat müəllim kimi universitetdə fəaliyyətini davam etdirib. Onun iddia ərizəsində yazdığına görə, rektor bundan sonra da təzyiqləri davam etdirib. Hiss etdirib ki, bir müddət sonra universitetdən tam çıxarılacaq. İyulun 3-dən isə maaşından birtərəfli qaydada tutulub. Nəticədə iyul ayında onun maaş kartına cəmi 21 manat 38 qəpik vəsait köçürülüb. Bununla əlaqədar universitetə müraciət edəndə isə ona cavab verilib ki, buraxdığı iş saatlarına görə maaşının bir hissəsi tutulub. Bundan başqa, 8 iyulda rektorun əmrilə ona əmək intizamını pozmağa görə töhmət verilib.
Eyni əmələ görə iki dəfə cəzalandırıldığını, bunun da qanuna zidd olduğunu vurğulayan V.Ağabəylinin sözlərinə görə, baş verənlərin yeganə səbəbi onun rektor K.Abdullaya qarşı tənqidləri, onunla aralarındakı münaqişələrdir. Müəllimə iddia edir ki, məhz rektorun göstərişilə təzyiqlərə məruz qalır. Onun sözlərinə görə, rektorla aralarındakı gərginliyin yeganə səbəbi isə K.Abdullanın qanunsuz göstərişlərini yerinə yetirməkdən imtina etməsi, onun əməllərini açıq şəkildə tənqid etməsidir:
“Tənqidlərimə görə universitet rəhbərliyi fürsət axtarır ki, məni bu təhsil müəssisəsindən birdəfəlik uzaqlaşdırsın”.
Bu iş üzrə Nəsimi Rayon Məhkəməsində keçirilən hazırlıq iclasında universitetin nümayəndəsi, vəkil Azad Məmmədov vəsatət qaldırıb ki, V.Ağabəylinin iddiasına başqa məhkəmədə baxılsın. Nümayəndə Təhsil Nazirliyinin Nərimanov rayonu ərazisində yerləşdiyini əsas gətirərək, bu iddiaya Nəsimi Rayon Məhkəməsində baxılmasına etiraz edib.
Hakim Rəşid Səmədov vəsatəti təmin etməyib. Məhkəmə baxışı sentyabrın 20-nə təyin edilib.
Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla ilə filologiya-jurnalistika fakültəsinin keçmiş dekanı Vüsalə Ağabəyli arasındakı qalmaqal artıq məhkəmə müstəvisinə keçib. Tərəflər bir-birini məhkəməyə verib. Vüsalə Ağabəyli Kamal Abdullanı işçiləri aşağılamaqda, onunla razılaşmayanlara təzyiq göstərməkdə günahlandırır.