"Azərbaycan prezidentinin sərəncamı ilə jurnalistlərə bağışlanmış mənzilləri heç kim onların əlindən ala bilməz".
Bu barədə çərşənbə günü KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli "Jurnalistlər Evi"nin sakinlərinin sosial şəbəkədə qəzəbli statuslar paylaşmasından sonra bəyan edib.
"Jurnalistlər Evi"nin sakinləri Səfərlini Fondun onların mənzilləri özəlləşdirməsinə imkan verməməsində ittiham ediblər. Səfərlinin jurnalistlərin "Jurnalistlər Evi"ndə kirayənişin adlandırması da onların narazılığına səbəb olub.
Bir müddət əvvəl "Yeni Çağ" saytına müsahibəsində Vüqar Səfərli binanın dövlətə məxsus olduğunu, oradakı mənzillərin isə xidməti mənzil olduğunu bildirib.
"Ev dövlət orqanında qeydiyyatdan keçənə qədər dövlətin əmlakıdır. Fond belə bir evdə mənzilləri jurnalistlərə hədiyyə edə bilməz", - deyə Səfərli açıqlama verib.
Evin sakinlərindən biri yazıb ki, onlardan piar üçün istifadə ediblər, indi isə məlum olur ki, onlar evdə kirayənişin kimi yaşayırlar.
O, həmkar qonşularını hədiyyə edilmiş mənzillərin özəlləşdirilməsində onlara yardım etməsi xahişi ilə prezidentə müraciət etməyə çağırıb. Daha sonra müəllif öz müraciətini silib, amma digər istifadəçilər statusun skrinşotunu götürüblər.
Jurnalistlər ölkə prezidenti İ.Əliyevin 2017-ci ili iyulun 20-də ikinci Jurnalistlər Evinin açılışında çıxışını xatırladıblar.
O, bu çıxışında bu evdəki 255 mənzilin jurnalistlərə hədiyyə olduğunu bildirib. Amma 2017-ci ildən etibarən bu evin sakinləri mənzilləri özəlləşdirə bilmirlər.
Birinci Jurnalistlər Evi 2013-cü ildə təhvil verilib, binada 156 mənzil var. Tikilən üçüncü evdə 255 mənzil var.
İkinci Jurnalistlər Evinin adının açıqlanmasını istəməyən bir sakini Turan-a bildirib ki, birinci evin sakinləri mənzilləri özəlləşdiriblər. Bəziləri sonradan bu mənzilləri satıb. İkinci evdə mənzillərin özəlləşdirilməsi proesi naməlum səbəblərdən gecikir.
Bəzi məlumatlara görə, jurnalistlərə "hədiyyə edilmiş" hər iki evin sakinlərinin bir hissəsi KİV əməkdaşı deyil və ya mənzilə ehtiyacı yox idi.
Öz növbəsində, Dövlət Əmlak Məsələləri Komitəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Qulu Xəlilov bildirib ki, bu evdə mənzillərin özəlləşdirilməsinə onların sənədlərinin olmaması mane olur.
KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu bu sənədləri Dövlət Komitəsinə vermir. Komitə tərəfindən özəlləşdirməyə maneə yoxdur, deyə Xəlilov bildirib.