“Qızım deyir ki, sənin roman yazmağından ədəbiyyat heç nə qazanmayıb, hüquqda nəsə qazanmışdınsa, onu da itirirsən”
Selcan Yağmurun İntiqam Əliyevlə ədəbiyyat mövzusunda ikinci müsahibəsi
İstedadlı gənc yazar Selcan Yağmur bu günlərdə “Əclafın ölümü” adlı ikinci kitabı çapdan çıxan hüquqşünas-yazıçı İntiqam Əliyevdən ədəbiyyat və yaradıcılıq məsələləri ilə bağlı daha bir geniş müsahibə alıb. Müsahibəni məmnuniyyətlə oxuculara təqdim edirik.
- İntiqam bəy, ikinci romanınızın çapı ilə bağlı təbrik edirəm.
- Təşəkkür edirəm, Selcan xanım. Gün o gün olsun, sizin on beş yaşdan yazmağa başladığınız və beş ildən çoxdur ki üzərində işlədiyiniz romanınızı da nəhayət, kitab formatında görə bilək.
- Bağışlayın, bəy, mənim cəmi 18 yaşım var...
- Üzr istəyirəm, amma belə baxanda xeyli yaşlı görünürsünüz.
- (tutulmuş halda) Bəy, Siz məni qızınızla səhv salmısınız yəqin. Nə isə... Keçək suallara. Xəbər yayılıb ki, oğlunuz Nəcmin sabahkı prezentasiyaya qatılmayacaq. Dəvət etməmisiniz onu tədbirə?
- Etmişəm, amma kaş etməyəydim, qanım yenə qaraldı. Dedi ki, mən gəlsəm, millət eşidib mənə görə tökülüşəcək ora, sən də elə biləcəksən sənin kitabına görə gəliblər, nə sənə bu lazımdı, nə də mənə.
- (təəccübdən gözləri bərəlir): Aaa, sizin bu uşaqlara nə olub? Belə baxanda çox mədəni oğlana oxşayır.
- Mən də elə bilirdim. Sən demə, buynuzu içindəymiş.
- Qızların qədrini bilmək gərək ona görə, bəy. Yeri gəlmişkən, çoxları düşünür ki, kitabları əslində, özünüz yox, qızınız Nərmin yazır, siz də öz adınızdan çap etdirirsiniz. Deyirlər ki, onun sosial şəbəkələrdə yazdığı statusların iyi gəlir cümlələrinizdən.
- (rəngi tutulur) Kim deyir ki, onu?! Nərmin heç mənim yazdıqlarımı bəyənir ki! Üzümə qıpqırmızı dirənib ki, sənin roman yazmağından ədəbiyyat heç nə qazanmayıb, hüquqda nəsə qazanmışdınsa da, onu da itirirsən.
- “Nəsə” ey özü də! Öz aramızdı, yaman deyib ha, bir güllə ilə iki dovşan vurub. Deyəsən, mən bu sözləri başqa kimdənsə eşitmişəm, axı.
- (acıqla) Kimdən eşidəcəksiz ki – Ənnağı Hacıbəylidən! Gözü götürməyənlərimin başında duran özüdü ki var!
- Bu nədi ey, bütün ölkənin sizi gözü götürmürmüş ki!
- Çoxdular, lap çox, amma ocağa əsas benzin tökən odu. Xəbəriniz yoxdusa, siz də bilin və yazın ki, başqaları da bilsin, bəsdi susdum daha! Bu adam iki ildən çoxdu ki, roman yazır, hələ dörd səhifədən o tərəfə keçə bilməyib...
- Booy, heç xəbərim yoxuydu. Amma insafən, siz də haqlısınız: Ənnağı bəy kimi istedadlı qələm sahibinə iki ilə dörd səhifə çox azdı da. Barı, on-on beş səhifə-zad yazsaydı, o qədər də gözə girməzdi. Bəs soruşmursuz niyə belə gec gedir?
- Soruşmuşam.
- Nə deyir?
- Deyir mən roman yazıram ey, sənin kimi cızma-qara yox, mənim hər səhifəm sənin iki romanına dəyər.
- Aman-aman, Ənnağı bəymi deyir bunları? O ki, ipək kimi adamdı!
- Mən də elə bilirdim. Hər halda, mən roman yazmağa başlayana qədər eləydi.
- Axı o, “Meydan” romanınızla bağlı yaxşı bir yazı yazmışdı. Elə qızınız da içində, çoxları deyirdi ki, yazdığı məqalə əsərin özündən qat-qat qüvvətli alınıb...
- (hirslə jurnalistin sözünü kəsir) İkinci romanımla da bağlı yazı yazmaq istəyirdi, elə ona görə də, qadağan elədim. Adam qəsdən belə edir, ilk baxışdan xoş niyyətli kimi görünür, amma əslində, məni də əsərlərimi gözdən salır. Əgər sən düz adamsansa, məqaləni elə yaz ki, heç kim deməsin ki, “məqalə əsərdən güclüdür”... Vallah, Selcan xanım, o roman yazsaydı, mən elə məqalə yazardım ki, hamı əksini deyərdi.
- And niyə içirsiz, ay İntiqam bəy, mən sizin məqalələrinizi görməmişəmmi?! Yaxşı, Ənnağı bəyi başa düşdük, bə bu Nərmin niyə dədəsini qoyub, onu gözü götürməyən adama vəkillik edir, bunu anlamıram.
- Paxıllıq, xəbislik adamları tez birləşdirir, bə bilmirdiz? Çünki özü də elə həmin adamın günündədi: mənimlə eyni vaxtda o da roman yazmağa başlayıb, mən artıq ikisini bitirmişəm, bu isə gecə-gündüz yazır, on səhifədən o tərəfə keçə bilməyib... Yaman pis zəmanəyə gəlib çıxmışıq, özləri bir mərtəbə qura bilməyənlər, beş mərtəbənin üstünə altıncını qurmağı bacaranlara qara yaxırlar...
- Aaa... Amma insafən, iki ilə dörd səhifə yazan dostunuza baxanda qızınız yenə toya getməlidi. Yaxşı, bu neqativ şeyləri boş verək, paxıllar, gözü götürməyənlər həmişə olub, olacaq da, keçək yaradıcılığınıza. Oxucuları narahat edən bir sualla bağlı fikrinizi bilmək maraqlı olardı. “Meydan”da əsas personajlarınızdan biri olan kəkilli adlı ördəyin real həyatda yaşadığı və kitabın çapından sonra siz evdə olmayanda səhvən kəsilib qızardılaraq kitabı yumaq üçün gələn qonaqların qabağına qoyulduğu bildirilir. İkinci romanınızın sevilən qəhrəmanı kirpinin isə əsər çap olunandan zonra kanalizasiya borusuna düşərək boğulduğu deyilir... Qızınız da yazmışdı bu barədə hardasa. Doğrudu bunlar?
[caption id="attachment_78410" align="aligncenter" width="1280"] Selcan Yağmur[/caption]- Təəssüf ki, doğrudu. (sifətinə dərin kədər qonur) Ağır dərd oldu mənim üçün həm kitabımın qəhrəmanlarının, həm də ki, həyatdakı dostlarımın itkisi. Özü də, o cür faciəli şəkildə. İkisi də çox əziz və doğmaydılar mənə. Onlardan sonra elə bil yaradıcılıq ilhamı da məndən uzaq qaçmağa başlayıb... Hə, onu da deyim, Nərmin çoxdandı evə it almaq istəyir. Amma eşidəndə ki, üçüncü romanı yazmağa hazırlaşıram, onu evə gətirmək fikrindən vaz keçib, babasının bağında saxlamağı planlayır.
- Nələr olur, nələr! Ay Nərmin, bir it nə olan şeydi ki, onu doğma atanın yaradıcılığı naminə qıymırsan?! Bu nə dövrdü gəlib çıxdıq, aman Tanrım...
- İndi iti ata-anasından çox istəyən gənclər var, özü də sayları gün-gündən çoxalır, ay Selcan xanım, siz yatmısız fil qulağında...
- (qulaqlarını çəkir) Nə deyim, vallah, adam bəzən söz də tapmır danışmağa... Fil qulağı demişkən, qulaqlara qurğuşun, ümid edirəm ki, bu cür şeylər yalnız heyvanlarla bağlı baş verir.
- Yox ey... bu yaxınlarda qəhrəmanlarımdan birinə adını verdiyim qohumlardan biri durduğu yerdə dünyasını dəyişdi. Arvad top kimiydi, nədən birdən getdi, baş çıxaran olmadı.
- Vay-vay-vay, Allah rəhmət eləsin, əməlli başlı mistikaymış ki, yaradıcılığınız! (bir qədər fikrə gedir) İntiqam bəy, bir vaxtlar mənə demişdiniz ki, adımı qəhrəmanlarınızdan birinə qoymağa hazırlaşırsız, mən də o vaxt sevinmişdim və hətta sizə təşəkkür də etmişdim...
- (sözünü kəsir) Hə, hə, Selcan xanım, əlbəttə, yadımdadı. Yazıçı sözü qızıldan qiymətli olar, heç narahat olmayın, demişəmsə, mütləq edəcəm!
- Çox sağ olun, amma sonradan evdəkilərin münasibətini soruşdum. Bəlkə siz bilmirsiniz, amma təəssüf ki, bizim ailəmiz bu məsələlərdə çox mühafizəkardı... Dedilər ki, qız uşağı nədi, adının hansısa romanda hallanması nədi. Qəti etiraz etdilər! Xahiş edirəm, nəzərə alasınız... Məzmunlu müsahibəyə görə isə çox təşəkkür edirəm.
- (məyusluğunu çətinliklə gizlədə bilir) Peşəkar suallarınızla ədəbiyyatımızın ağrılı problemlərinə işıq salmağa imkan yaratdığınıza, ədəbiyyatı və yaradıcı adamları təbliğ etdiyinizə görə mən sizə təşəkkür edirəm. Ailənizin qoyduğu qadağalara isə etiraz edin. Siz tanınmalısız, bu cür şanslar isə hər zaman ələ düşmür!..
P.S. S.Yağmurun yazıçı ilə “Ədəbiyyat söhbətləri” silsiləsindən ilk müsahibəsi ilə bu linkdə tanış ola bilərsiniz:
P.S.S. Bu şənbə günü - sentyabrın 7-də (saat 17.00-20.00) Caspian Plaza-nın 8-ci mərtəbəsində Vətəndaş Cəmiyyəti Platformasının konfrans zalında İntiqam Əliyevin yeni romanının təqdimatı olacaq.
Tədbirdə həmçinin yeni dərs ilinin başlanması ilə əlaqədar, çətin şəraitdə olan, o cümlədən ucqar rayon və kəndlərdə yaşayan ailələrin uşaqları üçün məktəb ləvazimatları və uşaq kitabları kampaniyası keçiriləcək.
Selcan Yağmur da orada olacaq, Ənnağı Hacıbəyli də, hətta bizə çatan məlumata görə, müəllifin özü də...