Səbail Rayon İcra Hakimiyyətinin birinci müavini Xalidə Bayramova Elina Hacıyevanın işi üzrə məhkəmə prosesində şahid qismində ifadə verib.
Abzas məlumat verir ki, Xalidə Bayramova ifadəsində hadisə ilə bağlı ona məktəbin direktoru Sevinc Abbasovanın məlumat verdiyini bildirib:
"Dedi ki, 8-ci sinif şagirdi olab qız 2-ci mərtəbədən yıxılıb, amma yerdə qan filan yoxdu. Panikaya düşməməsini tapşırdım. Məsələni icra başçısına məruzə etdim, ondan icazə alıb məktəbə getdim. Başçı ilə danışandan sonra direktora zəng edib dedim ki, polisə xəbər verin və təcili yardım çağırın".
Xalidə Baymova sözlərinə görə, məktəbə 11:01-də çatıb və direktor ona təcili yardım çağırdıqlarını bildirib:
"Polislər də orda idi, Elinanı divanda uzandırmışdılar. Direktor çox həyəcanlı idi. Sonra ona dedim ki, “istəyirsən səni şillələyim, özünə gəl”. Soruşdum ki, həkim çağırmısız, biri dedi zəng etdik zanitdi, biri dedi zəng etdik telefona cavab verən olmadı, Mən də birbaşa Rauf həkimə zəng edib dedim ki, “skoru” göndərin, 4 dəqiqə sonra həkimlər gəldi".
İcra başçısının müavini bildirib ki, təcili yardımın gec gəlməsini ilə bağlı etirazını edib:
"Dedim nə yaxşı tez gəldiniz, dedilər biz elə bu küçənin tinindəydik. İstintaqın rəisi İntiqam müəllim isə uşağı divanda qoyub direktoru dindirirdi, istintaq aparırdı. Orada dedilər ki, Elina çoxlu dərman içib. Qız özü dedi ki, dünən 30, bu gün isə 60 tabletka atıb. O dərman içdiyini dediyi üçün onu Toksikologiyaya apardılar, amma orada zədələri görüb “Semaşko”ya göndərmişdilər".
İcra başçısının müavininin sözlərinə görə, onlar həmin vaxt kameralara baxıb və görüblər ki, uşaq sinifdən çıxıb birbaşa gedib pəncərədən özünü atır.
"Həmin vaxt polislər dedilər ki, 2 yox 3-cü mərtəbədən atıb. “Semaşko”nun baş həkiminə zəng edib xahiş etdim ki, məni içəri buraxsınlar. Qəbul şöbəsindən məni Çovdarov soyadlı həkim qarşıladı, liftə çatanda gördüm ki, Elinanın anası geri qayıdır. Dedi ki, onları içəri buraxmayıblar. Reanimasiyaya çatanda anasını buraxmadılar, dedilər əvvəlcə yuxarıya məlumat verməliyik. İçəri keçib çəkiliş etməyə başladım, biz bütün hadisələrdə çəkiliş edirik ki, problem olanda araşdıra bilək. Həmin vaxt psixoloq çıxıb bizə dedi ki, bu uşağa psixatr lazımdır. Çünki, bu qız yaşamaq istəmir".
Xalidə Bayramova onu da qeyd edib ki, Elinanın ölməsini gözləməyib, çünki həkimlər onları Elinanı xilas etdiklərinə inandırmışdılar.
"Mən hər addım başı icra başçısına məruzə edirdim. Sonra Elinanın mədəsini yudular, həmin vaxt çox bərk ağlayırdı, qışqırırdı, onu nəsə incidirdi. Mən bunları da çəkmişəm, həmin vaxt çəkiliş edəndə tibb bacısı mənə “çəkmək olmaz” deyib oradan çölə çıxartdı. Oradan çıxan kimi direktora zəng edib dedim ki, müavinlərini də, müəllimlərini də yığ, xəstəxanada olun, uşağın növbəsini çəkin".
İcra başçısının müavini bildirib ki, məktəbdə Elinanı ilk dəfə görəndə tez-tez “ölmək istəyirəm” deyib təkrarlayırdı.
"Elina sinif yoldaşlarından gileylənib. Mənə dedi ki, “bu sinif, bu uşaqlar dəhşətlidir. Bu məktəbdən getmək istəyirəm”. Sonra Elina dedi ki, 86 oğlanı telefonunda bloka atıb. Direktor da həmin vaxt ora-bura gedib “Ay Elina, niyə belə elədin?” deyirdi. Mən xəstəxanada növbətçi həkim Fazillə danışdım, dedi heç bir narahatlıq yoxdu, uşaq yaşayacaq. Müalicəni isə Vaqif həkim aparırdı. Biz Elinanı daha yaxşı xəstəxanaya aparmaq istədik, həkimlər dedilər ehtiyac yoxdur".
X.bayramova suallara cavabında E.Hacıyeavnın anasına barışıq üçün pul təklif etmədiyini deyib:
“Deyirlər ki, direktorla qohumam, “podruqa”yam. Bunlar yalandır. Mən sadəcə onlara kömək edirdim”.
Sevinc Abbasova isə X.Bayramovaya heç bir sualı olmadığını, hər şeyi düz danışdığını deyib.