Realliq.info saytının həbsdəki rəhbəri İkram Rəhimov saxlanıldığı Bakı İstintaq Təcridxanasından məktub göndərib.
Məlumatı məhbusun yaxınları yayıb. Məktubda deyilir ki, Rəhimovun təqdim etdiyi məktubda jurnalist aclıq aksiyasını davam etdirdiyini yazıb.
"Avqust ayının 7-dən qanunsuz həbsimə, sifarişli məhkəmə hökmünə və Apellyasiya Məhkəməsinin mənim şikayətimi obyektiv araşdırmamasına etiraz olaraq aclıq aksiyasına başlamışam. 27-ci gündür ki, davam edən aksiyamın başlıca səbəbi az-çox hamıya açıq bəllidir".
Jurnalist bildirir ki, Azərbaycanda azad söz, müstəqil mediaya qarşı davam edən hücumlar, təzyiqlər, qanunsuz qadağa, bloklamalar və son nəticə olaraq azad media nümayəndələrinin sifarişli həbsləri hamını düşündürməli və narahat etməlidir.
Əli Həsənovun sifarişi ilə..."Əgər bu gün Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov və onun himayə etdiyi Mətbuat Şurasının rəhbərliyi mənim həbsimi sifariş edərək gerçəkləşdirə bilirsə, deməli, azad medianı təmsil edən hər kəs bu taleyi yaşaya bilər".
İkram Rəhimovun sözlərinə görə, ədalətsizlik, özbaşınalıq qanunların işləmədiyi bir mühitdə haqq-ədalətin bərpası üçün mübarizə aparmaq və onu əldə etmək çox çətindir.
"Lakin yenə də azad söz nümayəndələrinin birliyi və bu haqsızlıqlara qarşı birləşmələri haqlı tələblərimizin gerçəkləşməsinə zəmin yarada bilər. Azad söz nümayəndələri bu gün onlara yönəlmiş basqılara qarşı bir arada ola bilməsələr, gec-tez mənim taleyimi yaşayacaqlar".
Aksiyanın sonu ölüm olsa da...Jurnalist bildirib ki, aclıq aksiyasını dayandırmaq niyyətində deyil və ona qarşı edilən haqsızlıqlara və qanunsuz həbsə etiraz olaraq aclıq aksiyasını davam etdirdirir.
"Bu aksiyanın sonu ölüm olsa da onu dayandırmaq, qərarımdan dönmək haqqında düşünmürəm. Əli Həsənov və onun kimilərin sifarişlərinin qurbanı olmamaq üçün birləşməkdən başqa yolumuz yoxdur", deyə aclıq edən jurnalist yazıb.