Bir müddət əvvəl "Financial Times" qəzetinə verdiyi müsahibəsində Rusiya prezidenti Vladimir Putin bildirib ki, Qərb liberal ideyası "ömrünü tamamilə tükədib" və "əhalinin böyük əksəriyyətinin maraqları ilə ziddiyyət təşkil edir".
Putin həmçinin liberal dəyərlərdən daha “sabit” və “milyonlarla insan üçün daha vacib” olan “ənənəvi dəyərləri” müdafiə edib.
Bir çox ekspert və siyasi xadimlər buna cavab olaraq qeyd etdilər ki, liberal dəyərlər daha geniş anlayışdır, çünki demokratiya prinsiplərinə, qanunun aliliyinə və fərdi azadlıqlara əsaslanır.
VOA-nın rus xidməti Stanford Universitetinin professoru Frensis Fukuyamadan Putinin bu dəyərləndirmələrinə münasibət bildirməsini xahiş edib.
Fukuyama 1989-cu ildə liberal ictimai asayişin rəqiblərinin qalmadığını söylədiyi, "Tarixin sonu?" adlı essesinin nəşrindən sonra dünya şöhrəti qazanıb.
Valeriya Egisman: Prezident Putin liberalizmin dövrünün bitdiyini iddia edərkən haqlıdırmı? Həqiqətənmi, liberal düşüncələr əksəriyyətin maraqlarına və “ənənəvi dəyərlərə” ziddir?
Frensis Fukuyama: Düşünürəm ki, prezident Putin tamamilə yanılır. Liberal cəmiyyətdə insanlar birgə yaşamaq uğrunda ən köklü, xüsusilə də dini inanclarını kənara qoymaq razılığına gəlirlər. Liberal cəmiyyətlər Avropada meydana gəlmişdir, çünki İslahatların başlamasından sonra protestantlarla katoliklər 150 il boyunca bir-birilərini məhv etmişlər. Almaniya əhalisinin üçdə biri Otuz illik müharibə zamanı həlak olub – və bütün bunlar ona görə baş verib ki, insanlar dövlətin vahid dini doktrinanı dəstəkləməli olduğunu hesab edirmişlər.
Bu gün biz qloballaşan dünyanın müxtəlif cəmiyyətlərində yaşayırıq, lakin insanlar yadda saxlamalıdırlar ki, divarların ucaldılması uzun müddətli perspektivdə insanları uzaq məsafədə tutmağa imkan vermir. Əgər sizin dini, etnik və ya irqi müxtəlifliyə dözümlülük göstərən bir cəmiyyətiniz yoxdursa, o zaman siz sonsuz münaqişələr üçün ilkin şərtləri yaratmış olursunuz. Məhz belə açıq cəmiyyətlər Qərbi Avropa və Şimali Amerikada meydana gəldi.
Şərqi Avropada isə vəziyyət fərqli idi. Kommunist hakimiyyətlər dinin əhəmiyyət kəsb etmədiyi açıq cəmiyyətlərin mövcud ola biləcəyini iddia edirdilər. Əslində isə bu, sadəcə insanların istəklərini boğmaq idi. 1989 və 1991-ci illərdən sonra bu ölkələr demokratiyaya açılanda həmin cəmiyyətlər liberal cəmiyyətin mövcudluğu üçün zəruri olan tolerantlığın vacibliyini qəbul etmədi. Şərqi Avropaya qaçqın və immiqrant axınının səbəb olduğu münaqişə digər mədəniyyətlərlə qarşılıqlı əlaqənin real təcrübəsinə deyil, daha çox qorxu hissinə əsaslanır.
Bir çox cəhətdən Rusiya Federasiyası kifayət qədər liberaldır. Putin pravoslav xristianlığını bütövlükdə Rusiya əhalisinin riayət etməli olduğu bir din kimi təqdim etmir - əhalinin bir çoxu müsəlmandır və ya başqa dinə mənsubdur. Yəni ki, hətta onun ölkəsində belə liberalizm əsas dəyərlərdəndir. Əgər Rusiyada belə bir tolerantlıq olmasa, onda ölkənin daxilində xeyli münaqişələr yaranacaq.
- Həm ABŞ, həm də Avropada millətçilik və populizmin artdığını müşahidə eləyirik, bu, liberal demokratiyalar üçün nə dərəcədə təhlükəlidir? Millətçilik və liberalizm bir-birilə nə qədər ziddiyyət təşkil edir və onlar arasında seçim etmək mütləqdirmi?
- Millətçilik çox vaxt təhlükəli formada təzahür edir, çünki bir sıra insanları xalqın içindən təcrid edir və əksər hallarda digər millətlərlə qarşıdurmalara səbəb olur. Eyni zamanda demokratiyanın mövcudluğu üçün milli kimlik vacib və zəruridir, çünki insanlar mövcud ictimai qurumların qanuniliyini qəbul etmək üçün ortaq dəyərlər toplusuna malik olmalıdırlar. Lakin məncə, millətçiliyin ekstremal formalarının artan populyarlığından yayınmaq çox vacibdir.
Ancaq bir çox populist liderin başına gələnlər məhz budur. Məsələn, Viktor Orban macar milli kimliyinin etnik macar mənsubiyyətinə söykəndiyini bildirmişdi. Macarıstanda hamı etnik macar olmadığı üçün bu artıq problem yaradır və bir çox macarlar digər Avropa ölkələrində yaşayırlar. Buna görə də düşünürəm ki, bizim demokratik, açıq və tolerant milli kimlik formasına ehtiyacımız var ki, bu da irqi, dini və ya etnik mənsubiyyət kimi xüsusiyyətlərə deyil, ortaq demokratik dəyərlərə əsaslanmalıdır.
- Nə üçün liberal ideyaların populyarlaşmasında azalma var və bu axını tərsinə çevirmək mümkündürmü?
- Bu qismən qloballaşma və onu müşayiət edən iqtisadi dəyişikliklərin mahiyyətinə bağlıdır. Qloballaşan dünyamızda kosmopolit şəhərlərdə yaşayan insanlar bir çox fərqli imkanlara malikdir və onların bir çoxu maddi rifaha çatıb. Kənar yerlərdə yaşayan digər insanların belə imkanları yoxdur.
Demək olar ki, hər ölkədə, bir qayda olaraq, populistlərə səs verən seçicilər yaşlı nəslin nümayəndələri, orta təhsilli, böyük şəhərlərdən və paytaxtdan kənarda yaşayanlardır. Və bu da bir növ sosial münaqişə yaradıb. Yüksək təhsilli və qloballaşmanı qəbul edən insanlar anlamalıdırlar ki, hər kəs yeni dünyadan fayda götürə bilmir. Və mənə belə gəlir ki, hökumətlər bunu diqqətə almağa məcburdurlar.
Digər tərəfdən, populistlərə səs verən seçicilər cəmiyyətin az hissəsini təşkil edir – çünki insanlar daima böyük şəhərlərə yerdəyişir və daha yaxşı təhsil almağa davam edirlər. Nəticə etibarilə, populizm dominant güc olaraq qala bilməz.
- Liberal dəyərlərə söykənən cəmiyyətlərin iqtisadi cəhətdən daha çox uğur qazandığı fikri ilə razısınızmı? Axı, Çin liberal cəmiyyət hesab edilmir, amma iqtisadi baxımdan çox irəliləyib.
- Liberal dəyərlər bazar iqtisadiyyatı üçün vacibdir, çünki bazar iqtisadiyyatı qanunun aliliyindən, siyasi oyunlar nəticəsində dəyişməyən qaydalardan asılıdır. Və bu, populistlərin gücləndiyi bir çox ölkələrdə baş verənlər kimi deyil. Populist hakimiyyətə seçki yolu ilə gəlir, lakin, əgər qanun ona sərf eləmirsə, dərhal dövlətin hüquqi əsasına və ya hakimlərə hücum etməyə başlayır. Bu, şübhəsiz Donald Trump, Victor Orban və Avropanın digər bir çox populist liderlərinə nəzərən ədalətlidir. Nəticə etibarilə, düşünürəm ki, bu, korrupsiya üçün reseptdir – hər kəsin fərqli şərtlərdə fəaliyyət göstərdiyi, özünəməxsus qəbilə kapitalizmidir. Və iqtisadi artıma mənfi təsir göstərəcəkdir.
Məsələn, Macarıstan iqtisadi cəhətdən olduqca uğurlu görünür. Ancaq o, Avropa İttifaqından subsidiyalar şəklində ÜDM-in beş faizini alır və məncə, bu subsidiyalar olmadan ümumi mənzərə çox acınacaqlı görünəcək. Populist liderə səs verməyə hazırlaşan seçicilər məhz bunu nəzərə almalıdırlar.
- Fəaliyyətini liberal dəyərlər üzərində quran Avropa Şurası bu yaxınlarda Rusiyanın AŞPA-dakı səlahiyyətlərinin bərpasına səs verdi. Bir çoxları bunun səhv addım olduğunu düşünür, xüsusilə də Rusiyanın Qərb demokratik institutlarını sarsan hərəkətləri fonunda. Bu barədə nə düşünürsünüz?
- Rusiya öz nüfuzunu artırmaq üçün bütün imkanlardan istifadə etməyə çalışır. O, qərb ictimaiyyətinin özünə münasibətdə etibarını zəiflətmək üçün internetdən və sosial şəbəkələrdən çox məharətlə istifadə edir. Rusiya yeni populistlərlə də ittifaqlar qurmağa çalışır. Düşünürəm ki, Avropa Şurasının qərarı böyük bir səhv idi, çünki bu gün Rusiya bu təşkilatın fəaliyyəti üçün zəruri olan liberal dəyərləri bölüşmür.
- Financial Times-a verdiyi müsahibəsində Vladimir Putin belə bir fikir bildirib ki, Soyuq müharibə bitdikdən sonra beynəlxalq münasibətlər sahəsində qayda-qanun itdi. Bununla razısınızmı?
- Bir çox qaydalar mövcuddur. Onların əksəriyyəti iqtisadiyyata aiddir. Məhz bu məqsədlə Ümumdünya Ticarət Təşkilatı, Aİ yaradılıb və bir çox beynəlxalq ticarət müqavilələri imzalanıb. Təhlükəsizlik mövzusunda fikir birliyi yoxdur, çünki burada ABŞ, Avropa, Rusiya və Çin arasında əsaslı fərqlər var. Burada biz bir növ 19-cu əsrdə mövcud olmuş, bənzər çoxqütblü dünyaya qayıtmış oluruq. Bunun dəhşətli olduğunu düşünmürəm. Əgər ölkələr müəyyən davranış normalarına riayət etsələr, onda dünyada sabitlik ola bilər. Ancaq hesab edirəm ki, Rusiya bu sabitliyi pozmağa çalışır, çünki ən zəif tərəflərdən biri olduğunu hiss edir və nüfuzunu genişləndirmək üçün ixtiyarında olan bütün vasitələrdən istifadə etmək istəyir.
- Başqa əlavəniz varmı?
- Əlavə olaraq, onu demək istərdim ki, seçkilər populist lideri nəzarətdə saxlamaq üçün ən təsirli vasitədir. Gələn il ABŞ-da cənab Trumpın ikinci müddətə seçilməyə çalışacağı çox mühüm seçkilər keçiriləcəkdir. İnsanlar bu seçkilərə həssas yanaşmalıdırlar. Həm də anlamalıdırlar ki, onların ölkələrində seçkilər çox daha vacibdir. Liberal dəyərləri dəstəkləyən insanlar özlərini bəlli etməsələr, təşkilatlanmasalar, səfərbər olmasalar və səsvermədə iştirak etməsələr, onda populistlər qazanacaqlar. Bu, bizim hamımızın yadda saxlamalı olduğu əsas məsələdir.