Zimbabve prezidenti Emmerson Mnanqaqva ölkənin keçmiş diktatoru Robert Muqabenin 95 yaşında dünyasını dəyişdiyini elan edib.
Mnanqaqva Twitter-də yazdığı statusunda Muqabeni "qurtuluşun simvolu, həyatını azadlığa və ölkəni gücləndirməyə həsr etmiş bir Afrika fədaisi" olduğunu və Muqabenin Zimbabve tarixinə təsirini əsla unutmayacağını bəyan edib.
Muqabe ağdərili azlığın iqtidarına qarşı hərbi mübarizə apararaq ölkənin müstəqilliyini qazanmasında böyük rol oynamış, lakin bundan sonra hakimiyyətə gələrək 40 il boyunca ölkənin ilk və tək lideri olmuşdu.
Ancaq Muqabe ölkəni uzun illər avtoritar rejimdə idarə etmiş və həyata keçirdiyi siyasət üzündən ölkə iqtisadi iflasa sürüklənmişdi.
2017-ci ildə dərin iqtisadi böhran üzündən xalqın da etirazı ilə ordu dövlət çevrilişi törətmiş və Muqabe istefa verməyə məcbur edilmişdi. O, aprel ayından bəri Sinqapurda bir xəstəxanada müalicə olunurdu.