3 Sentyabr 2019
Mətni dəyiş
Bazar ertəsi Bakı Ağır Cinayətlər Məhkəməsində ölkənin Beynəxalq Bankının keçmiş sədri Cahangir Hacıyev və digər şəxslərin işi üzrə növbəti iclas keçirilib.
Bu gün Cahangir Hacıyev və onun şəriki, keçmiş deputat Dünyamin Xəlilov son sözlə çıxış ediblər.
Hacıyev bankın 4 mlrd. dollar vəsaitini mənimsədiyi barədə ittihamları təkzib edib və bəraət istəyib.
Sabiq deputat Xəlilov da bankın vəsaitlərini mənimsəmədiyini, alınan kreditlərin isə xaricdə layihələrə yatırıldığını bildirib. Məhkəmə hökm çıxarmaq üçün müşavirəyə gedib. Proses qeyri-müəyyən müddətə təxirə salınıb.
Dövlət ittihamçısı Hacıyevin əvvəlki azadlıqdan məhrumetmə müddətini (15 il) nəzərə alaraq, onun 17 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Prokuror Xəlolovun da əvvəlki müddət (13 il) nəzərə alınmaqla, 15 il 9 ay müddətinə həbs edilməsini istəyib.
İstintaq materiallarına əsasən, 2001-2015-ci illərdə Hacıyev müxtəlif ölkələrdə 3,4 mlrd. dollar və 987 mln. avro dəyərində veksel alınması barədə göstəriş verib.
Xəlilov və daha bir neçə nəfər Beynəlxalq Banka 4,7 mlrd. manat ziyan vuran qanunsuz maliyyə əməliyyatlarının və qanunsuz kreditlərin iştirakçısı olub.
2016-cı ildə birinci prosesdə Hacıyev 15 il, Xəlilov isə 13 il müddətinə azadlıqdan məhrum edilib.