Gürcüstanın baş naziri Mamuka Baxtadze vəzifəsindən istefa verdiyini açıqlayıb.
Bu barədə Baxtadze 'Facebook' səhifəsində geniş açıqlama yayıb. O bildirib ki, qərarını sentyabrın 2-də axşam izah edəcək, onu əvəzləyəcək namizədin adı isə bir gün ərzində açıqlanacaq.
"2018-ci ildə mənə Gürcüstanın baş naziri mandatının verilməsinin məqsədi ölkə üçün strateji inkişaf çərçivəsini yaratmaq və həyata keçirmək idi. Bu çərçivə növbəti illərdə bizim dövlət məqsədlərimizə çatmağı təmin etməli, ölkənin inkişaf bələdçisinə çevrilməli idi", deyə siyasətçi bildirib.
O bildirib ki, strateji inkişaf çərçivəsi yaradılıb və həyata keçirilib, ona görə də istefa qərarını verib: "Çünki inanır ki, bu məqamda missiyamı yerinə yetirmişəm”.
Rəsmi olmayan məlumatlara görə, Gürcü Arzusu partiyası baş nazir postuna hazırda daxili işlər naziri olan Giorgi Qaxariyanı gətirəcək. Daxili işlər naziri vəzifəsinə isə keçmiş baş nazir, hazırda iqtidar partiyasının siyasi katibi olan İrakli Qaribaşvilinin təyin ediləcəyi deyilir.
37 yaşlı Mamuka Baxtadze 2018-ci ilin iyun ayında baş nazir seçilib. O, buna qədər maliyyə naziri vəzifəsində idi.
Baxtadze o zaman liberal islahatlar həyata keçirmək, bu Cənubi Qafqaz ölkəsini Avropa Birliyi və NATO üzvlüyünə doğru aparmalıydı. O, bunun “Gürcüstanın xarici siyasəti üçün vacib tapşırıq, ölkənin təhlükəsizliyi və sabit inkişafı üçün həyati əhəmiyyətli” hesab edirdi.
Gürcüstanın Qərblə əlaqələr yaratmaq cəhdləri Moskvanı qəzəbləndirib. 2008-ci ildə Moskva Tbilisi ilə qısamüddətli müharibə aparıb, separatçı Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıyıb.
Vaxtilə Gürcüstan Dəmiryolları dövlət şirkətinin rəhbəri, Gürcüstan Beynəlxalq Enerji Korporasiyasının baş direktoru olmuş Baxtadze “fundamental və innovativ” islahatlar, “Gürcüstanın hər bir vətəndaşı”na təsir göstərəcək yeni iqtisadi model yaratmağı vəd edib.
O, milyarder Bidzina İvanişvilinin yaratdığı hakim “Gürcü Arzusu” partiyasını 2020-ci ildə proporsional seçkini “heç bir baryer olmadan” keçirməyə, gürcüstanlıların hamısının səsinin eşidilməsinə imkan yaratmağa çağırıb.
“Ölkədə qütbləşməni həvəsləndirən və mənfi gündəm yaradan istənilən addım Gürcüstan dövlətçiliyinə zərbə vurur, inkişafını əngəlləyir və yalnız Gürcüstanın düşmənlərinin maraqlarına cavab verir”, – o yazıb.