Bakıda milli qəhrəman Albert Aqarunovun abidəsi ucaldılır

Bakıda milli qəhrəman Albert Aqarunovun abidəsi ucaldılır
3 Sentyabr 2019
Mətni dəyiş

Bakıda Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsinin iştirakçısı Albert Aqarunovun abidəsi ucaldılır.

Bakı şəhər İcra Hakimiyyətindən Turan-a verilən məlumata görə, heykəl Aqarunovun xatirəsini əbədiləşdirmək məqsədi ilə onun adını daşıyan küçədə quraşdırılır.

Hazırda quraşdırma işləri davam etdirilir. Heykəl Bakının Nərimanov rayonu ərazisində ucaldılır.

Albert Aqarunovun qardaşı, Beynəlxalq Yaxın Şərq Diasporu Mərkəzinin rəhbəri, hazırda İsraildə yaşayan Rantik Aqarunov Report-a açıqlamasında qardaşına olan münasibətə görə bütün azərbaycanlılara təşəkkürnü bildirib.

“Qardaşım Albert Aqarunovun xatirəsini yaşatdıqlarına, Bakıda heykəlini ucaltdıqlarına görə bütün Azərbaycan xalqına minnətdaram”.

Milli qəhrəmanın qardaşı bildirib ki, heykəlin bu ilin oktyabrına nəzərdə tutulan açılış mərasimində iştirak etməkdən böyük şərəf duyacaq.

R.Aqarunov həmçinin sentyabrın 27-29-da Bakıda Albert Aqarunovun xatirəsinə həsr olunan “Olimpiya ümidləri” beynəlxalq karate yarışının keçiriləcəyini də dilə gətirib.

Xatırlatma

Albert Aqarunov 25 aprel 1969-cu il Bakının Əmircan qəsəbəsində anadan olub.

Qarabağ müharibəsi başlayarkən 1992-ci ildə Albert Aqarunov könüllü olaraq cəbhəyə yollanıb.

Tank komandiri təyin edilən Albert Aqarunov Şuşa cəbhəsində döyüşüb. O, Xankəndi, Daşaltı, Cəmilli istiqamətində gedən döyüşlərdə iştirak edib.

A.Aqarunov 8 may 1992-cu ildə Şuşa uğrunda gedən döyüşlərdə snayper gülləsinə tuş gəlib və döyüş meydanında həlak olub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun