28 Sentyabr 2019
Mətni dəyiş
“Son illərdə 27 Azərbaycan vətəndaşı ölkəsinə deportasiya olunmamaq üçün kilsələrdən sığınacaq istəyib”.
Bu barədə məlumatı Almaniyada fəaliyyət göstərən “Legat” İnteqrasiya Mərkəzi yayıb.
“Kilsələrə sığınanlar hesab edirlər ki, buranın xüsusi qorunmasından yararlanacaqlar. Barələrində olan deportasiya ilə bağlı qərarların ləğv olunmasına nail olacaqlar. Çünki onların əksəriyyətinin deportasiya edilməsi ilə bağlı qərar var. Onlara ölkəni tərk etmələri üçün 1 və ya 2 həftə vaxt verilib. 27 nəfərdən artıq 11 nəfəri ( 9 nəfəri artıq Azərbaycana deportasiya edilib, 2 nəfəri isə Rusiya Federasiyasına göndərilib) geri qaytarılıb”.
Mərkəz hesab edir ki, onların bu addımı Almaniyada kilsələrin köməyi ilə qaçqın statusu alanların sayının artması ilə bağlı ola bilər:
“Hətta bu, 2017-ci ildə Almaniyada hökumətin narazılığına səbəb olub. Almaniyanın daxili işlər naziri 2017-ci ilin martında alman kilsələrinin ümumi rəhbəri ilə görüşüb və narahatlıq yaradan halları müzakirə etmişdi. Nazir bəzi kilsələrin və dini icmaların qaçqın statusunun verilməsi ilə bağlı sui-istifadə hallarına yol verildiyini bildirmişdi”.
“Legat” bildirir ki, həmin görüşdən sonra kilsələrə münasibət tam dəyişib. 2013-cü ildə kilsələrin dəstəyi ilə 162 nəfər, 2015-ci ildə 1015 nəfər, 2016-cı ildə isə 1139 nəfər (onlardan 277 nəfəri uşaqlardır) qaçqın statusu almağa nail olub:
“2017-ci ildə bu rəqəm stabil qalsa da, 2018-ci ildə aşağı düşüb. Buna səbəb hüqüq-mühafizə orqanlarının səlahiyyətlərinin genişlənməsi, onlara kilsələrə daxil olma və orada qanunsuz yaşayan, sığınacaq axtaran şəxsləri ölkədən deportasiya etmək hüququnun verilməsi ilə bağlıdır”.
Mərkəz bildirir ki, kilsələrin köməyi ilə qaçqın statusu almağa nail olanların əksəriyyəti əfqanlar, çeçenlər, iranlılardır. Hətta bu yaxınlarda bir protestant pastor (Ulrich Gampert) bir əfqanıstanlı sığınacaq axtaran şəxsə dəstək verdiyi üçün Sonthofenin məhkəməsinə təqsirləndirilən şəxs kimi dəvət olunub. Məhkəmə zamanı müəyyən olunub ki, 2018-ci ilin yayından bəri, əfqanıstanlı kişi Oberallgäunda pastorla birlikdə kilsə ziyarətgahına gedib, dua edib və dini ayinləri icra edib”.
“Legat”-ın məlumatında bildirilir ki, Əfqanıstan vətəndaşının Almaniyada icazəsiz qalmağına kömək etdiyinə görə, keşiş haqqında cinayət işi başlanılıb və Sonthofen məhkəməsi qarşısına çıxarılıb:
“Kilsələrin sığınacaq verməsini qadağan edən bir normanın mövcud olmadığını deyən vəkil pastoru müdafiə edib. "Kilsədən sığınacaq almaq bir ənənədir" - deyə, vəkil bildirib. Dövlət ittihamçısı bildirib ki, gənc, kilsə sığınacağına qəbul olunaraq deportasiyadan gizlənmək istəyib. Pastoris də bilərəkdən bu qanunsuzluğa şərait yaradılıb və bundan sonra deportasiya cəhdlərinin qarşısı alınıb”.
Mərkəz bildirir ki, 23 yaşlı gəncin taleyinin necə olacağı bəlli deyil. Sığınacaq verilməsindən imtina ilə bağlı məhkəmə araşdırması davam edir. Bavariya Parlamentinin müvafiq komitəsi də deportasiyanı 2020-ci ilin əvvəlinə qədər altı ay müddətinə dayandırıb:
“Göründüyü kimi artıq siyasət dəyişib və sığınacaq verən pastorların belə məsuliyyətə cəlb olunmasından cəkinmirlər. Dininizi sığınacaq üçün dəyişməyin, çünki artıq bunun da əhəmiyyəti yoxdur”.
2019-cu ilin ilk altı ayı ərzində 999 Azərbaycan vətəndaşı Almaniyadan sığınacaq istəyib. Məlumatı Almaniyada fəaliyyət göstərən “Leqat” İnteqrasiya Mərkəzi yayıb.
Bildirilir ki, qaçqın statusu almaq üçün Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarəyə (BAMF) müraciət edən 999 azərbaycanlıdan 706 nəfəri ilk dəfə, 293 nəfəri isə təkrar ərizə ilə müraciət edən şəxslərdir.
“2019-cu ilin 6 ayı ərzində qaçqın statusu üçün müraciətlər üzrə 1400 qərar qəbul edilib. Onlardan 6 nəfərinin sığınacaq haqqında ərizəsi üzrə müsbət cavab, 46 nəfərə qaçqın statusu verilib”.
Mərkəz bildirir ki, 6 ay ərzində cəmi 74 nəfərin müraciəti üzrə BAMF müsbət qərar qəbul edib. Onlara Almaniyada müvəqqəti yaşayış icazəsi verib. 768 nəfərin qaçqın statusu haqqında müraciətinə isə rədd cavabı verilib.
Ötən il, iyunun 18-də 51 azərbaycanlı Almaniyadan deportasiya edilib. Çarter reysi ilə Azərbaycana göndərilənlər Almaniyanın Bamberq, Waldsassen, Üiesburq, Kürten ( Bergisch Gladbach), Hoff, Rhede, Bocholt və digər şəhərlərində yaşayanlar olub.
Deportasiyanın isteriya ilə qarşılanma halları yeni deyil. Azərbaycanlılar arasında özünəqəsd, polisə müqavimət və immiqrasiya xidmətinin əməkdaşlarının girov götürülməsi halları da baş verib.