Azərbaycanda istifadə olunan enerjinin cəmi 18 faizi alternativ enerji mənbələrindən alınır

Azərbaycanda istifadə olunan enerjinin cəmi 18 faizi alternativ enerji mənbələrindən alınır
2 Sentyabr 2019
Mətni dəyiş

Dünya ölkələrinin uzun illər ərzində istifadə etdiyi ənənəvi enerji mənbəyi sayılan karbohidrogen ehtiyatları getdikcə tükənməkdədir. Neft-qaz ehtiyatlarının tükənməsi dünyada alternativ və bərpa olunan enerji mənbələrindən istifadə zərurətini yaradır. Buraya müəyyən qurğuların yardımı ilə sudan, küləkdən, günəşdən, bioloji tullantılardan, hətta dənizin dalğalarından alınan, heç bir tullantısı olmayan enerji resursları daxildir. Bu enerjidən istifadə olunmasının üstünlüyü ondan ibarətdir ki, ekoloji cəhətdən heç bir problem yaratmır, təbiəti heç bir zərərli tullantı ilə çirkləndirmir.

Bəs Azərbaycanda bu sahədə vəziyyət necədir, alternativ enerji vasitələrindən istifadə olunurmu? Bu enerji ümumi enerji istehsalının neçə faizini təşkil edir?

Mövzu ilə bağlı modern.az Energetika Nazirliyindən açıqlama açıb. Dövlət qurumundan bildirilib ki, Azərbaycan bərpa olunan enerji mənbələri üzrə yüksək potensiala malik olan ölkələrdəndir.

"Belə ki, ölkəmizin iqtisadi cəhətdən əlverişli və texniki cəhətdən istifadəsi mümkün olan bərpa olunan enerji mənbələrinin potensialı 26 940 MVt, o cümlədən, külək enerjisi 3 000 MVt, günəş enerjisi 23 040 MVt, bioenerji potensialı 380 MVt, dağ çaylarının potensialı 520 MVt həcmində qiymətləndirilir".

Rəsmi məlumata görə, hal-hazırda ölkəmizin ümumi elektrik enerjisi istehsalı gücü 7146 MVt, iri su elektrik stansiyaları daxil olmaqla, bərpa olunan enerji mənbələri üzrə elektrik stansiyalarının gücü 1276 MVt-dır ki, bu da ümumi gücün 18%-ni təşkil edir.

Nazirlik alternativ enerji mənbələrinin dəqiq statistikasını da açıqlayıb: “Elektroenergetika sistemində ümumi gücü 1134 MVt olan 21 ədəd su elektrik stansiyası (11 ədədi kiçik su elektrik stansiyası), 37 MVt gücündə bərk məişət tullantılarının yandırılması zavodu, ümumi gücü 63,3 MVt olan 4 külək elektrik stansiyası, ümumi gücü 34 MVt olan 8 günəş elektrik stansiyası və ümumi gücü 6,7 MVt olan bir ədəd hibrid (günəş, külək və bioqaz) elektrik stansiyası fəaliyyət göstərir”.

Nazirlikdən verilən məlumata görə, xarici şirkətlər bərpa olunan enerji mənbələrindən istifadənin daha da genişləndirilməsi sahəsinə maraq göstərirlər:

“Energetika Nazirliyi 9 beynəlxalq şirkətlə Azərbaycanda bərpa olunan enerji mənbələrindən istifadə sahəsinə investisiya qoyuluşu, bunun üçün potensialın qiymətləndirilməsi və şəraitin yaradılması üzrə əməkdaşlığın əsas prinsiplərini müəyyənləşdirən anlaşma memorandumları imzalayıb".

Dövlət qurumundan bildirilib ki, Azərbaycanda zəngin bərpa olunan enerji mənbələrindən səmərəli istifadəni təmin etmək, ölkənin elektrik enerjisi istehsalı gücünün şaxələndirilməsi hesabına enerji təhlükəsizliyini gücləndirmək və təmiz enerji istehsalını həyata keçirmək məqsədi ilə beynəlxalq şirkətlərlə əməkdaşlıq üzrə danışıqlar davam etdirilir.

"Sahə üzrə qanunvericilik bazası tam formalaşdırıldıqdan sonra, gələn ildən hərracların keçirilməsi planlaşdırılır".

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun