Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) ilk sədri Vurğun Əyyub bugün, sentyabrın 24-də vəfat edib. Bu haqda onun yaxınları jurnalistlərə məlumat verib.
Son günlər V. Əyyubun səhhətinin kəskin ağırlaşdığı, onun koma vəziyyətinə düşdüyü bildirilirdi.
Vurğun Əyyub 1957-ci ildə Tovuz rayonunun Aşağı Quşçu kəndində doğulub.
O, 1973-cü ildə keçmiş Azərbaycan Pedaqoji İnstitutunun Filologiya fakültəsinə daxil olub, oranı bitirib. 1977–1984-ci illərdə Sabirabad və Tovuz rayonlarında, 1985–1993–cü illərdə N.Tusi adına Azərbaycan Pedaqoji Universitetində müəllim işləyib. 1988-ci ildən filologiya elmləri namizədidir.
V.Əyyub Azərbaycan milli azadlıq hərəkatının liderlərindən biri sayılır. 1987-ci ildə "Çənlibel" elmi-ədəbi birliyinin yaradıcılarından biri və sədri olub.
Hərəkat dövrünü araşdıran bəzi ekspertlərinin fikrincə, Azərbaycanda milli azadlıq hərəkatının formalaşmasında həmin təşkilatın müstəsna xidmətləri olub. Bəziləri hətta hesab edir ki, bu təşkilat 1988-ci il noyabrın 17-də başlayıb, dekabrın 5-də başa çatan Meydan hadisələrini təşkilində də yaxından iştirak edib.
V.Əyyub 1989-cu ildə Azərbaycan Xalq Cəbhəsinin (AXC) yaradılması prosesinə qatılıb və təşkilatın idarə heyətinin üzvlərindən biri seçilib.
O, mərhum prezident, AXC sədri Əbülfəz Elçibəyin hakimiyyəti illərində (1992-93-cü illərdə) Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına (TQDK) rəhbərlik edib.
Azərbaycanda ilk dəfə 1992-ci ildə test üsulu ilə tələbə qəbulu prosesinə rəhbərlik edib. Bu məsələni indi də bir çoxları Azərbaycanda ali məktəblərdə qəbulda «rüşvətə son» kimi dəyərləndirirlər. AXC hakimiyyətinə opponentlik edən siyasi qüvvələrin dilində belə, bu, müsbət hal kimi xatırlanır.
O, 1992-ci ildən Müsavat Partiyası Bərpa Mərkəzinin üzvü, 1997-ci ildən partiyanın Baş katibi olub.
2001-ci ilin may ayında keçirilən 6-cı Qurultayında partiyanın nizamnaməsindəki dəyişikliyə uyğun olaraq, katiblik müavinliklə əvəz olunub və V.Əyyub Müsavat Partiyası başqanının 1-ci müavini təyin edilib.
Partiyanın 8-ci qurultayında fikir ayrılığına görə bu partiyadan gedib.
İqtisadçı Qubad İbadoğlunun yaratdığı "Azərbaycan Demokratik Rifah" Hərəkatı sədrinin birinci müavini seçilib.
V.Əyyub son illər Türkiyə universitetlərinin birində dərs deyirdi.