Sentyabrın 18-də Bakı Apellyasiya Məhkəməsində hakim Rizvan Səfərovun sədrliyi ilə keçirilən prosesdə realliq.info saytının redaktoru İkram Rəhimovun həbs müddətinin 5,5 ildən 3 iilə endirilməsi barədə qərar qəbul edilib.
Jurnalist məhkəmənin qərarına etiraz edib və yenidən ikinci dəfə aclığa başladığını bildirib. Bu barədə mətbuata jurnalistin ailəsindən bildiriblər.
Realliq.info saytının redaktoru İkram Rəhimov 2018-ci il oktyabrın 26-da saxlanılıb, hədələmə yolu ilə pul tələb etməkdə ittiham olunub və həbs edilib.
Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı məlumata görə, İkram Rəhimovun tabeçiliyində olan şəxslərlə birlikdə 'Realliq.info' və digər 'reket' informasiya saytları yaradıb, həmin internet qəzetlərin jurnalistləri adı altında ayrı-ayrı vətəndaşların barəsində rüsvayedici və böhtan xarakterli məlumatları mətbu orqanlarında müntəzəm yayıb dayandırılması müqabilində pul tələb etməsi və alması, bu üsulla müxtəlif idarə və təşkilatlarda çalışan şəxslərdən, sahibkarlardan dövri haqq toplaması barədə daxil olmuş çoxsaylı şikayətlər Dövlət Təhlükəsizliyi Xidmətində araşdırılıb.
Məlumatda deyilir ki, məhkəmə qərarı əsasında aparılan əməliyyat tədbirləri ilə İkram Rəhimovun əlaqəsində olan şəxslərlə birgə göstərilən silsilə cinayət əməlləri müfəssəl qeydə alınıb.
2019-cu il iyunun 12-də məhkəmə onu 5,5 il müddətinə azadlıqdan məhrum edib.
Jurnalist ittihamı qəbul etmir və həbsinin məqalələri ilə bağlı olduğunu bildirib.
Avqustun 7-də Bakı Apellyasiya Məhkəməsində Rəhimovun işi üzrə hazırlıq iclası başlayıb. Müdafiə tərəfi təkrar məhkəmə istintaqı keçirilməsi, birinci instansiya məhkəməsinə verdikləri ifadələr saxtalaşdırıldığına görə şahid və zərərçəkmişlərin yenidən dindirilməsi haqqında vəsatət qaldırıb.
Vəkil həmçinin eyni səbəbdən Rəhimovun telefon danışıqlarının audioyazısının təkrar ekspertizasının təyin edilməsini xahiş edib. Amma vəsatətlər təmin edilməyib.
Etiraz əlaməti olaraq Rəhimov avqustun 7-də məhkəmə zalında aclığa başladığını bəyan edib. O sentyabrın 4-dək aclığı davam etdib.