Türkiyə Daxili İşlər Nazirliyi üç şəhərdə müxalif HDP partiyasından seçilmiş bələdiyyə başçılarını işindən uzaqlaşdırıb yerlərinə həmin rayonların iqtidar partiyasından olan icra başçıları təyin edilib. Qərara HDP və CHP partiyalarından kəskin etirazlar gəlib.
Daxili İşlər Nazirliyindən verilən açıqlamaya görə, Diyarbakır Şəhər Bələdiyyə başçısı Adnan Selçuk Mızraklı, Van Şəhər Bələdiyyə başçısı Bedia Özgökçe Ertan və Mardin Şəhər Bələdiyyə başçısı Ahmet Türk vəzifəsindən uzaqlaşdırılıb.
Əsasən kürdlərin partiyası olan HDP partiyasının üzvü olan üç siyasətçinin yerinə Diyarbakır, Van və Mardin rayonlarının iqtidardakı AK partiyadan olan valilər təyin edilib.
Daxili İşlər Nazirliyi bu qərarını kürd bələdiyyə sədrlərinin qanunsuz olaraq bələdiyyələrin imkanlarından PKK terror təşkilatı və onun uzantılarına yardımçı olmaları ilə izah edib.
"Bizim əlimizdə bu bələdiyyə sədrlərinin terror təşkilatları ilə yaxın əlaqələri olduğu, terror təşkilatlarına dəstək verdikləri ilə bağlı dəlillər var. Buna görə də Konstitusiyanın 127-ci maddəsi və 5393 saylı "Bələdiyyələr Haqda Qanunun 47-ci maddəsinə istinadən onları vəzifələrindən uzaqlaşdırmağa və vəzifələrinə valiləri təyin etməyi qərara aldıq", - deyə Türkiyə DİN-i açıqlamasında bildirib.
Digər yandan HDP partiyası Daxili İşlər Nazirliyinin qərarını kürd xalqının siyasi iradəsinin əleyhinə olduğunu və düşməncə bir davranış olduğunu bildirib.
HDP türk hökümətinin xalqın iradəsi və seçkinin aliliyi kimi dəyərləri heçə saydığını bəyan edib.
Ana müxalifət CHP də qərarı kəskin tənqid edib və bu qərarın demokratiyaya zidd addım olduğunu, xalqın idarəsinə saymazyana hərəkət olduğunu açıqlayıb.