ABŞ-da miqrantların ölkəyə gəlişini çətinləşdirmək üçün prezident Donald Tramp yeni qaydalar tətbiq etməyə hazırlaşır.
Bu barədə ABŞ Vətəndaşlıq və Miqrasiya Xidmətləri İdarəsinin rəsmisi Ken Kukkinelli açıqlama verib.
Məlumata görə, sentyabrın 15-dən qüvvəyə minəcək qaydalara görə maddi yöndən "özünü dolandıra bilməyən" ya da gəlir səviyyəsi müəyyən dərəcədən aşağı olan insanlar müddətsiz vizaya və "green card"-a müraciət edə bilməyəcəklər.
Ken Kukkinelli tətbiq olunacaq yeni qaydalarla bağlı bildirib ki, bu qaydaların arxsında köhnə bir amerikan dəyəri olan "özü-özünü dolandıra bilmək" keyfiyyəti dayanır.
Onun sözlərinə görə, Amerikaya köçən insanların ölkə ictimaiyyətinə yük olmamalarına çalışmaq vergi verənləri də məmnun edəcək.
Tramp administrasiyasının bu qaydalarının "özünü inkişaf etdirmə idealını da gücləndirəcəyini" deyən Kukkinelli, miqrantların beləcə ABŞ-da "uğurlu olmasını" təmin edəcəklərini deyib.
Amerikalı ekspertlər isə bəhs olunan qaydaların Trampın sərt miqrasiya siyasətinin bir parçası olduğunu deyirlər.
Vaşinqtonda yerləşən "Köç Siyasəti İnstitutu" yeni qaydalardan sonra ailələriylə birlikdə "green card" üçün müraciət edənlərin yarıdan çoxunun rədd cavabı alacağını bəyan edib.