Beynəlxalq Şəffaflıq (Transparency International) Təşkilatının Azərbaycan Milli Bölməsi - “Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyinə (İB) yeni icraçı direktor seçilib.
Məlumata görə, icraçı direktor Rəna Səfərəliyeva vəzifəsindən ayrılıb. O, bunu ekspert fəaliyyətilə məşğul olmaq istəməsi ilə izah edib.
Uzun müddət beynəlxalq təşkilatın Azərbaycan nümayəndəliyinə rəhbərlik edən Rəna Səfərəliyevanın istefasından sonra İctimai Birliyin İdarə Heyətinin iclası keçirilib.
İdarə Heyətinin qərarına əsasən, İB-nin icraçı direktoru vəzifəsinə hökumətyönlü hüquq müdafiəçisi Əliməmməd Nuriyev seçilib.
Ə.Nuriyev bu təyinata qədər “Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi İdarə Heyətinin üzvü olub.
Təşkilatın saytında yer alan məlumata görə, qurumun İdarə Heyətində bu şəxslər təmsil olunur:
Nuriyev Əliməmməd Mali oğlu (“Konstitutsiya” Araşdırmalar Fondunun prezidenti, Korrupsiyaya qarşı Mübarizə üzrə QHT-lərin Məlumatlandırma və Əməkdaşlıq Şəbəkəsinin Koordinatoru, İdarə Heyətinin sədri), Əsgərov Vüqar Vagif oğlu (AR Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Hüquq şöbəsinin müdiri), Atayev Ceyhun Mübariz oğlu (KSM və İctimaiyyətlə Əlaqələr üzrə Aparıcı Menecer, PAŞA Bank), Həsənov Hafiz Bəşir oğlu (“Hüquq və İnkişaf” İctimai Birliyinin sədri), Səmədzadə Sevinc Yaşar qızı (Milli Koordinator, “Beynəlxalq Gənc Həmyaşıd Təhsili Şəbəkəsi” - Y-PEER).
“Şəffaflıq Azərbaycan” təşkilatının İdarə Heyəti yanında Təsisçilər Şurasının üzvləri isə bunlardır:
Süleymanov Fuad Məhi oğlu (“Şəffaflıq Azərbaycan” Korrupsiyaya qarşı Mübarizə İctimai Birliyinin İdarə Heyətinin sədri, müstəqil hüquqşünas), Bağırov Sabit Aydın oğlu (“Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım” Fondunun prezidenti), Məmmədova Dürdanə Mirzə qızı (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Aparatında konstitusiya hüququ şöbəsinin müdiri), Səfərəliyeva Rəna Teymur qızı (“Şəffaflıq Azərbaycan” Korrupsiyaya qarşı Mübarizə İctimai Birliyinin keçmiş icraçı direktoru).