Avqustun 14-də Rusiyanın Kamçatka yarımadası yaxınlığındakı Berinq adasında zibilə həsr olunmuş muzey açılıb. Məqsəd dünya okeanlarının çirklənmə səviyyəsinə diqqət çəkməkdir.
Muzey Komandorski Təbii Qoruğunda yerləşir. Parkın mətbuat xidmətindən Azadlıq Radiosuna bildirilib ki, muzeyin “eksponatlarının” çoxu yaxınlıqdan tapılıb, adanın sahillərindən yığılıb.
Hazırda muzeydə dörd növ zibil sərgilənir, onlar təhlükəsinə görə müxtəlif kateqoriyalara bölünüb.
Muzeyi yaradanlar tullantıların okean mühitinə təsirini vurğulayır, zibil emalının Yer resurslarının idarə olunmasında səmərəli alət olduğunu deyirlər.
Muzeyi ilk olaraq xarici turistlər və məktəblilər ziyarət edib.
Muzeydə parkın gerçəkləşdirdiyi tullantıların idarə olunması layihəsi haqda da bilgi verilir. Bu layihə çərçivəsində işlənmiş batareyalar və lampalar yığılır.
[caption id="attachment_80981" align="aligncenter" width="649"] Zibil muzeyindən görüntü.[/caption]Hər il okeanlara 8 milyon metrik tonadək plastik tullantı daxil olur. Hazırda isə su hövzəsində 150 milyon metrik ton zibilin olduğu bildirilir. Bunu "Okean Mühafizəsi" (Ocean Conservancy) qeyri-kommersiya təşkilatı deyir.
“Okean Təmizliyi” (Ocean Cleanup) təşkilatının məlumatına görəsə, hazırda okeanda 5 trilyonadək plastik tullantı hissəsi var.
Sonucda plastik tullantılar okeandakı 700 növə təsirini göstərir. Çoxları plastiki yeməklə səhv salır. Dəniz quşlarının 60 faizi, dəniz tısbağalarının isə 100 faizində plastik aşkarlanıb.
Qlobal Okean Sağlamlığı İndeksində Rusiya ötən il 100 baldan 74-nü yığıb. Burada ərazi sularının durumu 10 kateqoriya üzrə dəyərləndirilir.