Sosial şəbəkələrdə Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin adının Bakının Sabunçu rayonundakı küçədən götürülməsi barədə məlumat yayılıb.
Yusif Süleymanov adlı istifadəçi İnternetdə yazıb ki, küçəyə uzun illər SSRİ Dövlət Planına rəhbərlik edən bakılı Nikolay Baybakovun adı verilib.
Öz növbəsində, Sabunçu rayon icra hakimiyyətindən Turan-ın sorğusuna birbaşa cavab verilməyib.
"Küçələrin adlarının dəyişdirilməsi məsələsi Nazirlər Kabinetinin səlahiyyətindədir", deyə rayon icra hakimiyyətindən bildiriblər.
Nazirlər Kabinetinin mətbuat xidmətindən küçənin adının dəyişdirilməsi haqqında məlumatı əsassız adlandırıblar.