Sakit Okeandakı Manus adasında bir qaçqın düşərgəsində yaşayan iranlı kürd mühacir Bəhruz Booçani mobil telefonuyla yazdığı kitabla Avstraliyanın ən prestijli ədəbiyyat mükafatlarından olan Viktoriya Ədəbiyyat Mükafatına layiq görülüb.
Booçani farsca yazdığı kitabın bölümlərini ingilis dilinə çevirmək üçün Avstraliyada iranlı bir tərcüməçi tapıb və kitabı yazdıqca hissə-hissə 'WhatsApp' vasitəsilə ona yollayıb.
Müsabiqədə birinci yerə çıxan mühacir yazar 100 min Avstraliya dolları yəni 72 min ABŞ dolları mükafatın sahibi olub.
Booçaninin kitabı "Dost yoxdur, ancaq dağlar var" adlanır. O, kitabda altı il bundan əvvəl kiçik bir qayıqla mühacir olaraq Avstraliyaya yola düşməsi və ölkəyə çatmadan Avstraliya höküməti tərəfindən qayığın həbs olunaraq içindəki qaçqınların Manus adasındakı qaçqın düşərgəsinə gətirilməsindən bəhs edir.
[caption id="attachment_81494" align="alignleft" width="700"] Bəhruz Boochaninin mükafata layiq görülmüş kitabı "Dost yoxdur, ancaq dağlar var".[/caption]Manus adası Papua və Yeni Qvineyada yerləşsə də Avstraliyaya məxsusdur və bu ölkəyə gəlmək istəyən mühacirlər əvvəlcə həbs olunaraq buraya gətirilir və burda uzun müddət dünyadan təcrid olunmuş halda saxlanılır.
Qatı düşərgə qaydalarının tətbiq olunduğu adada saxlanılan qaçqınlar mühacirət istəkləri həyata keçənə qədər illərlə bu düşərgələrdə saxlanılır. Bəzən istəkləri rədd edilənlər isə uzun müddət sonra ölkələrinə geri göndərilirlər.
Kürd mənşəlli yazıçı nüfuzlu mükafatı aldıqdan sonra mətbuat açıqlamasını da 'WhatsApp' vasitəsilə edib. O bəyan edib ki, ətrafında bu qədər məsum insanların əzab çəkdiyini gördüyü mühitdə mükafat almağına sevinə bilməyib. Bu qələbəni qeyd etmək belə içindən gəlmir.
Ancaq Booçani yazdığı əsəriylə dünya ictimaiyyətinin diqqətini Avstraliyanın dənizin ortasında gözdən-könüldən uzaq düşərgələrində çətin şəraitdə həyatda qalmağa çalışan qaçqınlara diqqət çəkməyə ümid etdiyini də bildirib.
Yazıçı kitab yazarkən ən böyük qorxusunun telefonunu düşərgədəki nəzarətçilər tərəfindən müsadirə ediləcəyi olduğunu da deyib:
"Nəzarətçilərin hər an otağıma girib dünyadakı tək sərmayəm olan telefonumu müsadirə edəcəyi qorxusu ilə günlərlə yaşadım" - deyə Booçani bildirib.
İranlı yazıçı Bəhruz Booçani Avstraliya hökümətinin düşərgələrdə qaçqınların salındığı bərbad vəziyyətə görə çox böyük utanc hiss etməli olduğunu da sözlərinə əlavə edərək yaşadığı qaçqın düşərgəsini 'Twitter'də "Manus həbsxanası" adlandırıb.