İyulun 24-də qəzaya uğramış Azərbaycan Hərbi Hava Qüvvələrinin MİQ-29 qırıcı təyyarəsinin qalıqları avqustun 16-da tapılıb.
Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi açıqlama yayıb. Məlumata görə, Türkiyənin Dəniz Qüvvələri Komandanlığı tərəfindən Xəzər dənizinə düşən təyyarənin qalıqları tapılıb.
Açıqlamada o da vurğulanır ki, təyyarə qalıqları tapılasa da, qırıcının pilotu polkovnik-leytenant Rəşad Atakişiyevin meyitinin və "qara qutu"nun axtarışları davam etdirilir.
Xatırladaq ki, iyulun 24-də saat 22 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən HHQ-nin “MiQ-29” təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib.
İlkin ehtimala görə, aviasiya qəzası nəticəsində hərbi təyyarə Xəzər dənizinə düşüb. Qəza nəticəsində “MiQ-29” təyyarəsinin pilotu polkovnik-leytenant Rəşad Atakişiyev itkin düşüb.
Avqustun 9-da da Türkiyə Müdafiə Nazirliyi Xəzər dənizinə düşən hərbi təyyarəmizin qalıqlarının fotolarını yayımlamışdı.
Qalıqlar Türkiyə Dəniz Qüvvələri Komandanlığının Sualtı Axtarış və Xilasetmə Birliyi tərəfindən aşkar edilib.