Yazıçı Pərviz Cəbrayılın yeni kitabı "Məryəm surəsi" romanı "Qanun" nəşriyyatı tərəfindən nəşr olunub.
Sayca müəllifin dördüncü kitabı olan "Məryəm surəsi" romanının redaktoru Hədiyyə Şəfaqət, kitabın örtük rəsminin müəllifi ilə Milanda yaşayan həmyerlimiz Elay Adamdır.
Pərviz Cəbrayıl açıqlamasında bildirib ki, kitab təqdimatlarını sevmədiyi üçün oxucularını sevindirə bilməyəcək. Amma nəşriyyat tərəfindən imza günü və ya təqdimat təşkil edilərsə, məmnuniyyətlə iştirak edəcək.
"Məryəm surəsi" romanında bir gün bədəninə çəkilən dağlardan bayılıb inləyən Qız Umayın başına Müqəddəs Məryəmin əhvalatı gəlir. Ata özünü şübhəli aparır, bir də kənddə peyda olan qəribə oğlanın adı hallanır.
Beləcə, Umayın boynunda qəribə xaç, bətnində uşaq peyda olur. Həkimlər onun bakirə qaldığını deyir. Umayın İsa Məsihlə yaşıd olan Çinarın koğuşunda başlayan ağrı-acılı, müəmmalı həyat yolu da bundan sonra şaxələnməyə başlayır.
Romanın əsas personajlarından biri olan Umay Anadan onun gerçəkləşməyən umudunu miras alan Qız Umay o qəribə xaçın yiyəsini axtarmağa başlayır və bu uğurda ağ, qara demədən yollara düşür.
Həyatından tanınmış tərcüməçi Dilsuz müəllim, şair Nəsimi, erməni Vano, müəmmalı Həjar, gənc fəal İsmi keçir. İş ondadır ki, Umay yolunda ömrünü qurban verdiyi məxluqun nə adını dəqiq bilir, nə üzünü xatırlayır. Axtardığını tapacaqmı?...
"Bir adamın dediyi ya doğrudur, ya yalan", - deyən Aristotel yalan və doğru kimi kateqoriyalar arasında qalan aralıq dərəcələrini qəbul etməyib.
"Məryəm surəsi" romanında isə hadisələr məhz aralıq dərəcələrində baş verir. Adi məntiqlə süjetin yalan olduğunu isbatlamaq çətin deyil, ancaq müəllif oxucuya alternativ qeyri-səlis yanaşma təqdim edir.
Qalmaqallı "Öləngi" və 2010-cu ildə II "Nəsimi" Milli Kitab Müsabiqəsində "İlin romanı", 2011-ci ildə isə Milli Kitab Mükafatında birincilik qazanan "Yad dildə" romanının müəllifi Pərviz Cəbrayılın postironik əsaslara dayanan "Məryəm surəsi" romanı da hazırlıqlı oxucular üçün nəzərdə tutulub.