Avropada yaşayan və bloger kimi fəaliyyət göstərən Cavanşir Həsənli naməlum şəxslər tərəfindən axtarılır.
Bu barədə avqustun 28-də Turan-a məlumat verən Həsənli qeyd edib ki, naməlum şəxslər Almaniyada yaşayan azərbaycanlılara onun şəkillərini paylayırlar və yerini, kimliyini müəyyənləşdirməyə çalışırlar.
"Hamıdan məni tanıyıb-tanımadığını, yerimi soruşurlar", - deyə o, bildirib.
O hesab edir ki, bu, onun böyük vəsaitin ölkədən çıxarılması haqqında son araşdırmaları ilə bağlıdır.
"Məsələn, Eldar Həsənova bağlı Raks şirkətindən, bu günlərdə Almaniyada 554 mənzil satmış işadamı Nasir Mustafazadədən yazmışdım", - deyə Həsənli qeyd edib.
O, keçən il də hədə-qorxu ilə mesajlaları aldığını vurğuladı və bununla bağlı polisə müraciət etdiyini qeyd edib.
"Polisə müraciət etsəm də, çox da əhəmiyyət vermədim. Lakin indi məsələ ciddidir və mən polisə müraciət etməyimlə yanaşı təhlükəsizliyimə görə Avropanı tərk etmək məcburiyyətindəyəm", - deyə Həsənli qeyd edib.
Eyni zamanda o, hüquq müdafiəçilərindən məsələni diqqətdə saxlamağı xahiş edib.