İsveçrə prokurorluğu Moskvanın keçmiş Çerkizov bazarının sahibi Telman İsmayılovun hesablarını dondurub. Prokurorluq bunu İsmayılovun kredit vasitəsilə fırıldaqçılıqda ittiham olunmasıyla əlaqələndirib.
Bu haqda "Kommersant" qəzeti xəbər yazıb. Ancaq xəbərdə Telman İsmayılovun İsveçrə bankında nə qədər pulunun dondurulduğu haqda məlumat verilməyib.
İsmayılovun bank hesabı Moskva Bankı - adlı bir rus bankının tələbi ilə dondurulub.
Hal-hazırda İsveçrə prokurorluğu keçmiş milyarder biznesmenin başqa bank aktivləri olub-olmadığını araşdırmaqla məşğuldur.
"Kommersant" qəzeti yazır ki, Telman İsmayılov artıq bankın tələbi ilə Moskvanın mərkəzindəki bir neçə milyon rublluq elit evindən də məhrum olub.
Qeyd edək ki, bu ilin aprel ayında azərbaycanlı milyarderə qarşı fırıldaqçılıqla bağlı cinayət işi qaldırılıb və onun əmlaklarına kreditorların xeyrinə həbs qoyulub.
2009-cu ildə isə o Çerkizov bazarına görə Rusiya hüquq-mühafizə orqanları ilə münaqişə yaşayıb və axırda bazar bağlanıb.
İsmayılov isə Rusiyanı tərk etmək məcburiyyətində qalıb. O, 2017-ci ildə özünü müflis elan edib.