İrqçi zarafatına görə azərbaycanlı idman şərhçisi işdən uzaqlaşdırılıb

İrqçi zarafatına görə azərbaycanlı idman şərhçisi işdən uzaqlaşdırılıb
20 Avqust 2019
Mətni dəyiş

Azərbaycanlı idman şərhçisi İsmayıl Abdullayev qaradərili futbolçunun ünvanına irqçi zarafatına görə bir ay müddətində oyunları şərh etməkdən uzaqlaşdırılıb.

Avqustun 12-də Manchester United və Chelsea klubları arasında oyunun yayınlanması zamanı İsmayıl Abdullayev həmkarı ilə dialoqunda 'Chelsea' klubunun oyunçusu N’Qolo Kantenin dərisinin rəngi ilə bağlı zarafat edib.

Həmkarının “Kante geriyə qayıtdı, özünü oda atdı, amma yanmadı” sözlərinin cavabında Abdullayev “Yansaydı da, rəngində bir fərq olmayacaqdı” deyib.

“Gözünüz aydın, bir ay müddətinə şərhlərdə olmayacam. Bilmirəm, qayıdacam, yoxsa yox”, – İsmayıl Abdullayev İnstaqram səhifəsində yazıb.

Azarkeşlərin reaksiyası

Oyundan sonra aparıcının bu sözləri ilə bağlı sosial şəbəkələrdə də müzakirələr gedib. İzləyən azarkeşlərin fikri haçalanıb. Bəzi şərhləri təqdim edirik:

“Düz eləyib, uzaqlaşdırıblar onu. Məişət səviyyəsində bu irqçilik bezdirib artıq”;

“Heç olmasa, üzr istəyərdi. Amma bizim ölkəmizdə heç kim öz səhvinə görə üzr istəməyi bacarmır və buna gərək də duymur”;

“İsmayıl Abdullayev bizim ən yaxşı şərhçilərimizdən biridir. Sadəcə dildən itidir, odur ki, hərdən yersiz zarafatlara yol verir”.

Presedent

Azərbaycanda indiyə qədər irqçiliklə bağlı ən səs-küylü media qalmaqalı 2016-cı ildə baş verib.

O zaman telekanalların birində hava proqnozunu təqdim edən qara dərili aparıcı işdən azad edilmişdi. Rəsmi səbəb Azərbaycan dilini pis bilməsi göstərilmişdi.

Amma qəzəblənmiş ictimaiyyət əsl səbəbin “Azərbaycan” qəzetində dərc edilən məqalə olduğuna əmin idi.

Məqalədə hava proqnozu təqdimatının qara dərili birinə həvalə olunması tənqid edilmiş, bu durum “zövqsüzlük, Azərbaycan qadınının gözəlliyinə qarşı biganəlik və dönüklük” adlandırılmışdı.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun