İstanbulun bələdiyyə sədri Əkrəm İmamoğlu seçkilərdən əvvəl dilə gətirdiyi vədlərindən birini də həyata keçirib. O, İstanbul bələdiyyəsindən yardım alan ictimai fondların çoxuna maliyyə yardımını kəsib.
Cumhuriyyət qəzetinin məlumatına görə, maliyyə yardımı kəsilən fondlar "Ensar", "TÜGVA" və "TÜRGEV" kimi dindar təşkilatlardır.
İmamoğlu özü belə fondlara yardım kimi ildə ümumilikdə 357 milyon 453 min 972 lira xərclədiklərini və bundan sonra həmin vəsaitin bələdiyyə büdcəsində qalacağını deyib.
Bələdiyyə sədri bu məbləğin bundan sonra istanbulluların problemlərinə xərclənəcəyini dilə gətirib. O, təkcə bir fondun yemək dəstəyi üçün xərclərinə ildə 56 milyon lira verildiyini bildirib.
"İnana bilmirəm. Bu millətin puludur, onu haralara xərcləyirsiniz? Fondların biri üçün bir bina tikilib, baxıram tikinti xərcləri 165 milyon liradır. Belə binalar daha fondlara deyil, istanbullulara məxsusdur. Bu hələ başlanğıcdır", - deyə İmamoğlu çıxışında bəyan edib.
Digər yandan hökümətyönümlü media İmamoğlunun maddi yardımı və hər cür əməkdaşlığı dayandırdığı fondların adlarını sadalayaraq hamısının dindar fondlar olduğunu dilə gətirib.
Belə ki, onlar Ensar, Aziz Mahmud Hüdayi fondu, TÜGVA, Daru’l Fünun İlahiyat fondu və Hoca Ahmet Yesevi fondlarıdır.
İstanbul Bələdiyyəsi həmçinin bu cür təşkilatlar, dərnəklər və fondlarla əməkdaşlıqları da dərindən araşdıracaqlarını bəyan edib.
Həmçinin, Əkrəm İmamoğlu özündən əvvəlki dövrdə dövlətin verdiyi maşınlarla bağlı böyük israfçılıqlar edildiyini və bu haqda bu yaxınlarda mediaya geniş hesabat verəcəklərini dilə gətirib.