Ədəbiyyat üzrə Nobel mükafatını almış ilk qaradərili qadın yazar Toni Morrison 88 yaşında vəfat edib. O, Nobeldən əlavə 1987-ci ildə "Sevilən" (Beloved) romanı ilə Pulitzer mükafatına da layiq görülüb.
Morrisonun ölüm xəbərini "Alfred A. Knopf" nəşriyyatı yayıb, ancaq səbəbi haqda heç bir əlavə məlumat verilməyib.
Morrisonun dünya ədəbiyyatına qazandırdığı ən məşhur əsəri "Sevilən" romanıdır. Roman qızının kölə kimi yaşamaması üçün bir qaradərili ananın öz körpəsini öldürməyi seçməsindən bəhs edir. Romanda hadisələr iki əsr öncə Amerikada, vətəndaş müharibələri dövründə baş verir.
Morriosnun bu romanı məşhur qaradərili aktrisa Oprah Winfreyin baş rolunu oynadığı 1998-ci ildə çəkilmiş "Beloved" adlı filmdən sonra dünya şöhrəti qazanmağa başlayıb.
"Sevilən" romanı Morrisonun ABŞ qaradərililərinin həyatı və sevgi əhvalatlarından bəhs edən trilogiyaya daxildir.
Morrisonun üçlüyünə daxil olan daha bir məşhur romanı "Caz" (Jazz) isə 1992-ci ildə yazılsa da 1920-ci illərdə baş vermiş zəncilərin Harlem renessansı ərəfəsində Nyu-Yorkdan yaşanmış sevgi əhvalatından bəhs edir.
Müəllifin daha bir məhşur romanı isə, 1997-ci ildə çap olunmuş "Cənnət" (Paradise) adlı üçüncü romanıdır, bu roman da qaradərililərin çox yaşadığı kiçik bir qəsəbədəki qadının əhvalatından bəhs edir.
Morisson 2012-ci ildə ABŞ prezidenti Barak Obama tərəfindən Prezident Azadlıq Medalı ilə təltif olunub. Obama öz çıxışında Morrisonun böyük vurğunu olduğunu dilə gətirib:
"Toni Morrisonun əsərləri, çox az yazıçının yoxlamağa cəsarət etdiyi əxlaqi və duyğusal dərinliyə sahibdir" - Obama bildirib
Toni Morrison böyük depressiya adlanan dövrdə ABŞ-ın Ohayo ştatında doğulub, 1970-ci illərdə ilk romanını yazsa da elə də məşhurlaşmayıb. O, ABŞ-da qadın hüquqları və qaradərili insanların hüquqlarının müdafiəçisi kimi tanınırdı.