Hindistanın daxili işlər naziri Amit Şah rəsmi Dehlinin bundan əvvəl Cammu və Kəşmir ştatına verdiyi statusu ləğv etdiyini deyib.
Nazir bazar ertəsi günü televiziya ilə çıxışında deyib ki, "Cammu və Kəşmir vilayəti yenidən qurulmalıdır. Bu haqda prezident Ram Natx Kovind artıq fərman da imzalayıb".
Hindistan höküməti ölkə konstitusiyasının 370-ci maddəsini ləğv etməyi qərara alıb. Həmin maddə ölkənin müsəlmanlar yaşayan ştatlarına xüsusi status verir və onlara daha çox özünüidarə imkanları tanıyır.
Bu maddə indiyə kimi Hindistanın regionlarında təhlükəsizliyin qarantı sayılırdı. 370-ci maddəyə əsasən müsəlman əhalisinin çox yaşadığı ştatlarda ancaq yerli əhali daşınmaz əmlak ala bilər və dövlət işlərində çalışa bilər.
Yaxın günlərdə həmçinin Hindistan höküməti iki nüfuzlu müsəlman lider Məhbuba Müfti və Ömər Abdullanı həbs edib.
Ölkənin Srinaqar ştatının paytaxtında isə bəzi rayonlarda ictimai toplantılar və yaxud mitinqləri keçirmək qadağan olunub. Bəzi regionlarda mobil əlaqələr və internet də bağlanılıb.
Cammu və Kəşmir ştatında fəaliyyət göstərən Demokratik Partiyanın lideri Məhbuba Müfti hind hökümətinin davranışlarını ölkə demokratiyasının ən qaranlıq günü adlandırıb.
Onun sözlərinə görə, ölkə konstitusiyasındakı "xüsusi status" maddəsi olan 370-ci maddənin ləğvi qeyri-konstitusion addımdır və Hindistanı öz ştatlarında işğalçı sifətinə salacaq.
Hindistan höküməti isə öz addımlarını müsəlmanların çox yaşadığı Kəşmir vilayətinin Pakistanla mübahisəli olması ilə əlaqələndirir.
Belə ki, Britaniya 1947-ci ildə Hindistana azadlıq verərkən Kəşmir vilayətini xalqın dini inancına görə Pakistan və Hindistan arasında bölüb. İndi hər iki ölkədə Kəşmir adlı vilayət var və hər iki ölkə Kəşmiri özününkü adlandırır.
Hindistana məxsus Kəşmir vilayətinin əhalisi isə əsasən müsəlanlardır və onlar separatçı ruhda kökləniblər. Hindistan buna görə Pakistanı seperatçıları dəstəkləməkdə günahlandırır. Pakistan ittihamları rədd edir.