21 Avqust 2019
Mətni dəyiş
Gəncə hadisələrinə görə ittiham olunanların valideyinləri bu gün Bakıda Şəhidlər Xiyabanı önündə etiraz aksiyası keçiriblər. Əsasən qadınlardan ibarət olan aksiya iştirakçıları övladlarının günahsız olduqlarını bildirib, onların azadlığa buraxılmasını tələb ediblər.
Polis, o cümlədən qadın polislər aksiyaya müdaxilə edib. Səbail rayon polis idarəsinin rəisi etirazçıların nümayəndələri ilə görüşüb. Daha sonra şevik polis alayının əməkdaşları aksiya iştirakçılarını Şəhidlər xiyabanından uzaqlaşdırıblar.
Aksiya canlı olaraq sosial şəbəkədə yayımlanıb:
[embed]https://www.facebook.com/500854686740949/videos/592918841237595/[/embed]
Xatırladaq ki, 2018-ci il iyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə (artıq həmin vəzifədə çalışmır) və bir polis serjantına silahlı sui-qəsd olub, onlar xəsarət alıblar.
Sui-qəsdi törətdiyi bildirilən Yunis Səfərov həbs edilib. Hüquq-mühafizə qurumları iddia edirlər ki, bu, terror əməlidir və Y.Səfərovun əsas məqsədi Azərbaycanda şəriət qanunları ilə idarə olunan islam dövləti qurmaq olub.
Y.Səfərov bu iddialarla bağlı münasibətini hələlik ictimaiyyətə açıqlamayıb. Bu sui-qəsddən bir qədər sonra sosial şəbəkələrdə iyulun 10-da Gəncədə aksiya keçirilməsi ilə bağlı məlumatlar yayılıb.
Rəsmi məlumata görə, iyulun 10-da Gəncədə 150-200 nəfərlik radikal dini qrupun keçirmək istədiyi aksiyada yüksəkrütbəli polis zabitləri – İlqar Balakişiyev və Səməd Abbasov qətlə yetiriliblər.
Bu hadisələrlə bağlı hüquq-mühafizə orqanlarının yaydığı məlumatlarda vurğulanıb ki, keçirilən əməliyyatlar zamanı axtarışda olan bəzi şəxslər silahlı müqavimət göstərərkən öldürülüblər (rəsmilər 5, hüquq müdafiəçiləri isə daha çox şəxsin öldürüldüyünü deyirlər).
Hərçənd, öldürülən bəzi şəxslərin yaxınları onlarda silah olması ilə bağlı deyilənlərin həqiqət olmadığını iddia ediblər.