Bu gün Bakı Apellyasiya Məhkəməsində 2018-ci il Gəncə işi üzrə həbs edilmiş növbəti qrupun işi üzrə proses yekunlaşıb.
Apellyasiya instansiyası məhbusların cəzasını yüngülləşdirib. Elvin Əliyevin cəza müddəti həbsdə keçirdiyi müddətə qədər azaldılıb və o, məhkəmə zalında azad edilib. Digər şəxslərin cəza müddətini məhkəmə 2 il azadlıqdan məhrumetməyə qədər azaldıb.
Xatırladaq ki, Yavər İsmayılzadə, Zabil Məmmədov, Qənbər Qarazadə, Elvin Əliyev, İsa Məhərrəmzadə, Aydın Rüstəmov və Alim Yusifov bu ilin martında kütləvi iğtişaşların təşkili və hakimiyyət nümayəndəsinə qarşı zorakılıq ittihamı ilə 6,5 və 9 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər.
Bir müddət əvvəl Apellyasiya Məhkəməsinin qərarı ilə Gəncə hadisələri üzrə daha dörd məhbus azad edilib. Bu, övladlarının azad edilməsini tələb edən valideynlərin kütləvi etirazları fonunda baş verib.
Xatırlatma2018-ci il iyulun 3-də Gəncədə şəhərin o vaxtki icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsd törədilib. Gəncə sakini Yunis Səfərov onu və şəhər icra başçısının mühafizəçisini yaralayıb.
Bundan sonra sosial şəbəkələrdə iyulun 10-a Gəncə administrasiyasının binası qarşısında Vəliyevə qarşı etiraz aksiyası təyin edilib. Elə həmin gün DİN Gəncədə iğtişaşlar olduğu, iki polis əməkdaşının qətlə yetirildiyi barədə məlumat yayıb. Bunun ardınca dindarlar və digər şəxslər arasında kütləvi həbslər aparılmağa başlayıb.
2019-cu il iyulun 31-də baş prokuror Zakir Qaralov idarədə keçirilən müşavirədə bildirib ki, E.Vəliyevə sui-qəsdlə bağlı mütəşəkkil cinayətkar qrupun 29 üzvü cinayət məsuliyyətinə cəlb edilib, 11 nəfər barəsində isə beynəlxalq axtarış elan edilib.
10 iyul hadisələri ilə bağlı 60 nəfər barəsində 8 cinayət işi üzrə istintaq yekunlaşıb və işlər məhkəmələrə göndərilib. Təqsirləndirilən şəxslər müxtəlif müddətli həbs cəzalarına məhkum ediliblər.