Ermənistanın Milli Təhlükəsizlik Nazirliyi keçmiş Dövlət Gəlirləri Komitəsinin rəhbəri və keçmiş maliyyə naziri Qaqik Xaçaturyanı həbs edib.
Bu haqda Ermənistan MTN-in saytında açıqlama yayılıb. Məlumata görə, Xaçaturyan vəzifə səlahiyyətlərini aşmaqda və dövlət büdcəsinə külli miqdarda zərər vurmaqda ittiham olunur.
Avqustun 27-də Ermənistan Təhlükəsizlik Nazirliyi eks-nazirin evində və ofisində axtarış aparmışdı.
Qaqik Xaçaturyan ölkədə gömrük rolunda olan Dövlət Gəlirləri Komitəsinin rəhbəri olakən yeyintilərə yol verməkdə şübhəli bilinirdi.
Axtarışdan dərhal sonra nazir həbs olunub. Nazirlə bərabər onun yaxın köməkçisi Karen Xaçaturyan da həbs olunub.
Ermənistan prokurorluğundan işi araşdıran Marina Ohancanyanın "Armenpress" saytına verdiyi məlumata görə "Keçmiş nazir ilkin olaraq 800 milyon dram dövlət vəsaitini mənimsəməkdə ittiham olunur. Ancaq, istintaq gedir və çox güman ki Xaçaturyanın başqa cinayətləri də var" - deyə müstəntiq bildirib.
Qaqik Xaçaturyan 2014-2016-cı illər arasında Ermənistanın maliyyə naziri olub.