"Qara qutunun belə qısa müddətdə oxunması nəzəri baxımdan mümkün olsa da, texniki baxımdan mümkün deyil. Bütün hallarda, əgər qara qutunu Rusiya tərəfi oxuyubsa belə, mən ilk gündən deyirdim ki, bu məsələdə Rusiyanın da əlinin olması ehtimalı var və qara qutunu oxunması üçün Rusiyaya vermək düzgün deyil".
Bu sözləri MİQ-29 təyyarə qəzasının səbəbləri ilə bağlı Müdafiə Nazirliyinin məlumatına münasibət bildirən hərbi ekspert Üzeyir Cəfərov Abzas-a açıqlamasında bildirib.
Onun sözlərinə görə, ümumiyyətlə Azərbaycanda təyyarənin qara qutusunun oxunması üçün labaratoriyanın olmasından məlumatsızdır.
"Uzun illərdir hərbi sahədə olsam da, ilk dəfədir Azərbaycanda belə laboratoriyanın olduğunu eşidirəm".
Ekspert deyir ki, o ilk gündən hesab edir ki, Rusiyanın da bu məsələdə əli ola bilər. Onun sözlərinə görə, Müdafiə Nazirliyinin son bəyanatı da onun fikrini dəyişməyib.
"Bilirsiniz, mənim heç kimlə qərəzim yoxdur və bir Azərbaycan vətəndaşı kimi bu mövzu məni qayğılandırır. Mən ilk gündən təyyarənin Rusiya tərəfindən sıradan çıxarılması məsələsini qaldırdım və indi də Müdafiə Nazirliyinin bu açıqlaması mənim fikirlərimi dəyişmir. Əgər mənim mövqeyimin əksinə tutarlı bir mövqe qoysalar, mən qəbul edərəm. Ancaq hələlik bu yoxdur", - deyə ekspert fikrini bitirib.
Jurnalist Seymur Kazımov isə saytımıza açıqlamasında deyir ki, ümumiyyətlə qara qutunu bu qədər tez müddətdə oxuması mümkün deyil.
Onun sözlərinə görə, qara qutu ancaq təyyarənin istehsal olunduğu və müasirləşdirildiyi ölkədə oxuna bilər.
"Bu məsələ ilə bağlı çox danışmaq olmur, ancaq onu bilirəm ki, təyyarənin qara qutusu onu istehsal edən və müasirləşdirən ölkədə oxuna bilər. Bu təyyarənin də istehsalçısı Rusiyadır, müasirləşdirmə işi isə, Ukraynada aparılıb. Bütün hallarda qara qutunun elə qısa müddətdə oxuması mümkün deyil".
Başqa bir hərbi ekspert Cəsur Sümərinli də hesab edir ki, Müdafiə Nazirliyinin açıqlaması həqiqəti əks etdirmir.
Onun sözlərinə görə, bu cür açıqlamalar faktlarla müşayət olunmalıdır və hansısa fakt təqdim olunmalıdır
"Müdafiə Nazirliyinin açıqlaması inandırıcı deyil və bir neçə sual ortaya çıxardır. Onların da biri odur ki, gecə saatlarında təlim zamanı göydə o qədər quşun olması realdırmı? Görünür ki, təyyarədə hansısa texniki nasazlıq olub və pilot andındaca məsul şəxslərə məlumat verib, lakin bundan sonra qəza baş verib".
Ekspertin sözlərinə görə, məlum olduğu kimi, pilot heç katapultdan da (katapult: Təyyarədə texniki nasazlıq baş verdiyi zaman, pilotun avtomatik olaraq paraşütlə birlikdə havaya atılması prosesini başladan funksiya) istifadə edə bilməyib.
"İndi Müdafiə Nazirliyi bu açıqlama ilə, yeni guya quşlarla hər hansısa bir toqquşmanı əsas göstərməklə, məsələnin mahiyyətini gizlətməyə çalışır", - deyə hərbi ekspert bildirib.
Ekspert deyir ki, Azərbaycanın hərbi arsenalında bir çox təyyarələr var ki, onlar Sovet istehsalıdır və istifadə müddəti bitib.
Onun sözlərinə görə, Müdafiə Nazirliyi hər fürsətdə bu təyyarələrin modernləsdirdildiyini desə də, ortada heç bir fakt yoxdur.
"Məsələnin ən maraqlı tərəfi isə odur ki, Azərbaycanın Xəzərdə çoxlu müşahidə mərkəzi var, ancaq hadisə baş verən zaman, bunların heç biri işlək olmayıb. İndi sual yaranır, bu qədər müşahidə mərkəzi niyə iflic durumdadır? Görünür, təyyarədə çox ciddi texniki nasazlıq baş verib, və qəza olub. Müdafiə Nazirliyinin açıqlaması isə bu səbəbi kölgədə saxlamaq üçündür", - deyə Cəsur Sümərinli bildirib.
Rusiyanın təyyarəni müxtəlif lazer cihazlarla sıradan çıxartması arqumentinə də toxunan ekspert bunu real hesab etməyib.
Ancaq bütün hallarda bir arqument kimi bu fikirin də yaşamaq hüququnun olduğunu bildirib.
İyulun 24-də Xəzər dənizində qəzaya uğrayan MİQ-29 təyyarə qəzasının səbəbləri ilə bağlı avqustun 22-də Müdafiə Nazirliyi rəsmi açıqlama yayıb.
Məlumatda deyilir ki, qəzaya səbəb təyyarənin yad cisimlə (quş və quş dəstəsi) toqquşması nəticəsində pilot ağır yaralanıb və qırıcını idarə edə bilməyib, nəticədə qəza baş verib.
Təyyarənin qara qutusu isə avqustun 19-da tapılıb.