Ekspert: 'Daha çox məmurlar, oliqarxlar və övladları belə addımlar atırlar'

Ekspert: 'Daha çox məmurlar, oliqarxlar və övladları belə addımlar atırlar'
20 Avqust 2019
Mətni dəyiş

Sosial şəbəkələrdə fərqli avtomobillərdə eyni dövlət qeydiyyat nişanı olması ilə əlaqədar fotolar paylaşılıb.

Abzas.net xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdən 'Mersedec E230' markalı avtomobilə aid olan dövlət nömrə nişanının 'Wolkswagen Polo' markalı başqa bir avtomobilin üzərində olduğu aydın görünür.

Fotonu yayan şəxsin sözlərinə görə, ona radara düşməsi ilə bağlı mesaj gəldikdən sonra kiçik araşdırma edib və onun maşınına aid olan qeydiyyat nişanının başqa bir avtomobilə vurulduğu üzə çıxıb.

“Maşınımın nömrəsi “90-MO-235”-dir. Mesaj gəldi ki, radara düşüb. “ASANPAY”-də baxdım ki, mənim maşınıma aid olan nömrə başqa maşına vurulub”, - deyə o qeyd edib.

Məsələni şərh edən ekspert Elməddin Muradlı deyir ki, əvvəllər belə hallar daha çox olub. Onun sözlərinə görə, belə problemlər daha çox kimlərinsə şou yaratmaq, ədəbazlıq etmək istəyindən irəli gəlir.

“Daha çox məmur övladları, kiçik məmurlar, oliqarxlar və övladları belə addımlar atırlar. Eyni zamanda, Bakıdakı bəzi icra hakimiyyəti nümayəndələri də onlara dövlət tərəfindən verilən maşından nömrələri çıxarıb, şəxsi bahalı avtomobillərinə taxırlar. Bu da şou göstərmək, lovğalanmaq, ədəbazlıq etmək üçün edilir”, - deyə Elməddin Muradlı bildirib.

Ekspert deyir ki, bəzən də vətəndaşlar müxtəlif vasitələrlə belə nömrələr düzəldib öz maşınlarına taxırlar. Onun sözlərinə görə, hər il yüzlərlə belə hal baş verir.

E.Muradlının sözlərinə görə, bir hadisə baş verdi, sonra araşdırmalar aparıldı və üzə çıxdı ki, “Niva” markalı avtomobilin üzərində olan dövlət qeydiyyat nişanı, əslində başqa bir avtomobilə aid imiş.

"Bundan əlavə, bir xanın şikayət etdi ki, onun maşının nömrəsi başqa bir avtomobilə vurulub. Araşdırıldı ki, qadının avtomobilinə aid olan dövlət qeydiyyat nişanın bir nəfər özü xüsusi üsulla düzəldib öz maşınına vurub. Ona görə də, Dövlət Yol Polisi bu məsələlərin üstünə düşüb problem çözməyə, qanunsuzluq edənlərin cəzalanmasına nail olmalıdır”, - deyə ekspert fikirini yekunlaşdırıb.

Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov bildirib ki, saxta dövlət qeydiyyat nişanı hazırlamaq cinayətdir.

Onun sözlərinə görə, belə hallar üzə çıxdıqda, qanunsuzluq edən şəxs məsuliyyətə cəlb olunur.

“Bu, cinayətdir. Belə hallarla bağlı bizə hansısa formada məlumat daxil olduqda, dərhal araşdırmalar aparıb, müvafiq tədbirlər görürük. Hətta kimsə dövlət qeydiyyat nişanının itməsi ilə bağlı müraciət etdikdə, dərhal araşdırılır və itən nömrənin tapılmasına da çalışılır".

Vaqif Əsədov bildirib ki, son məsələ ilə bağlı da araşdırma aparılacaq və müvafiq tədbirlər görüləcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun