"'Relax' istirahət mərkəzinin bu ilin 7 ayında cəmi 972 manat vergi ödəməsi 20 obyekti olan istirahət mərkəzində hər bir obyektin qeyd olunan müddətdə orta hesabla 48 manat 60 qəpik vergi ödənişi həyata keçirməsi deməkdir".
Bu sözləri iqtisadçı ekspert Vüqar Bayramov "Relax" istirahət mərkəzinin 7 ayda 972 manat vergi ödəməsi faktını şərh edərdək deyib.
"Hər bir obyektin aylıq vergi ödənişi orta hesabla hətta 7 manatdan da az olub. 14 hektar sahəsi olan istirahət mərkəzi üçün bu hər sotdan istifadədə 7 ayda cəmi 70 qəpik vergi ödənişi deməkdir. Bu hər torpaq sotunun ayda cəmi 10 qəpik vergi ödənişi anlamına gəlir".
Ekspert deyir ki, qiyməti kifayət qədər yüksək olan və nəinki mövsüm, hətta digər aylarda da sıxlıq müşahidə olunan bir istirahət obyektinin ayda belə gülməli rəqəmlər ilə ifadə olunan vergi ödənişləri gizli iqtisadiyyatın miqyasını göstərən və əslində buna qarşı mübarizənin əhəmiyyətini bildirən faktlardandır.
"Aydındır ki, "Relax" az vergi ödəyən birinci şirkət deyildi və sonuncu da olmayacaq. Vergilər Nazirliyinin bu məsələdə prinsipial mövqeyi təqdirəlayiqdir. Birmənalı şəkildə, himayə olunan obyektlərdə vergi intizamının formalaşmasına ehtiyac var".
V.Bayramov deyir ki, qeyri-neft sektorunun inkişafının davamlılığı məhz gizli iqtisadiyyata qarşı mübarizənin hansı səviyyədə səmərəli aparılmasından və təbii ki, real sektorda "himayəçiliyin" aradan qaldırılmasından asılı olacaq.