Avqustun 29-da Baş nazir Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin növbəti iclası keçirilib.
Nazir əsasən gömrük orqanlarının fəaliyyəti üzərində danışıb. Bu haqda Nazirlər Kabinetinin mətbuat xidməti məlumat verib.
İclası açan Novruz Məmmədov bildirib ki, iclasda “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 2019-cu ilin 6 ayı ərzində fəaliyyətinin ümumi nəticələri, gömrük işinin sadələşdirilməsi ilə bağlı görülməli olan tədbirlər haqqında” və “Azərbaycan Respublikasında dövlət mühafizəsi altında olan daşınmaz tarix və mədəniyyət abidələrinin qorunma vəziyyəti, bu istiqamətdə qarşıda duran vəzifələr və görülməli tədbirlər haqqında” məsələlər müzakirə olunacaq.
Gömürk Komitəsinin fəaliyyətindən danışarkən nazir hesabat verdikdən sonra gömrükdəki qüsurları da dilə gətirib.
Novruz Məmmədov deyib ki, cari ilin 6 ayı ərzində Dövlət Gömrük Komitəsi illik büdcə daxilolmaları üzrə proqnoz göstəricilərini tam həcmdə yerinə yetirib və ötən ilin müvafiq dövrü ilə müqayisədə dövlət büdcəsinə 446 milyon manatdan çox əlavə vəsait köçürüb.
Baş nazir bildirib ki, müsbət nəticələrlə yanaşı, gömrük işi sahəsində meydana gələn və həlli vacib olan bir sıra məsələlər də qalmaqdadır.
"Həmin məsələlərin həlli üçün müvafiq tədbirlər görülməli, bu vacib sahənin daha da inkişaf etdirilməsi istiqamətində işlər ardıcıl davam etdirilməli, gömrük prosedurları şəffaf şəraitdə daha da sadələşdirilməli və tranzit keçidi sürətləndirilməlidir", - deyə N.Məmmədov qeyd edib.