Bakı Apellyasiya Məhkəməsinin binası nəzarətə götürülüb

Bakı Apellyasiya Məhkəməsinin binası nəzarətə götürülüb
17 Avqust 2019
Mətni dəyiş

Avqustun 16-da Bakı Apellyasiya Məhkəməsində Gəncə işi ilə bağlı həbsdə olan Yavər İsmayılzadə, Zabil Məmmədov, Qənbər Qarazadə, Elvin Əliyev, İsa Məhərrəmzadə, Aydın Rüstəmov, Alim Yusifovun şikayəti üzrə proses davam edib.

Adı çəkilən şəxslər kütləvi iğtişaşların təşkilində və iştirakda, hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməkdə təqsirli bilinərək, bu ilin martında 7 il 6 aydan 9 ilədək həbsə məhkum ediliblər.

Turan-ın məlumatına görə, məhkumların əksəriyyəti bu gün məhkəməyə və ittihamlara etiraz olaraq son söz deməkdən imtina edib. Məhkəmə iclası avqustun 22-də davam etdiriləcək.

Bu gün məhkəmə zalında və məhkəmə binasının ətrafında çoxsaylı nəzarətçilər və hüquq-mühafizə orqanlarının əməkdaşları olub. İnsanlar məhkəmə zalına ciddi yoxlanışdan sonra buraxılıblar. Jurnalistlərin əksəriyyəti iclas zalına buraxılmayıb. Bunun səbəbini avqustun 15-də "Gəncə işi" ilə bağlı digər qrupun məhkəməsi zamanı baş verən insidentlə əlaqələndiriblər.

Ötən il iyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə (artıq həmin vəzifədə çalışmır) və bir polis serjantına silahlı sui-qəsd olub, onlar xəsarət alıblar. Sui-qəsdi törətdiyi bildirilən Yunis Səfərov həbs edilib.

Hüquq-mühafizə qurumları bunu terror əməli sayır və Səfərovun əsas məqsədinin Azərbaycanda şəriət qanunları ilə yönəldilən islam dövləti qurmaq olduğunu iddia edir. Məhkəməsi başlanmadığından Səfərov bu iddialara münasibətini hələ ictimaiyyətə açıqlaya bilməyib.

Rəsmi məlumata görə, iyulun 10-da Gəncədə 150-200 nəfərlik radikal dini qrupun keçirmək istədiyi aksiyada yüksək rütbəli polis zabitləri İlqar Balakişiyev və Səməd Abbasov qətlə yetiriliblər.

Gəncə hadisələrinə görə həbs olunan 80-ə yaxın şəxsin işi bir neçə qrupa ayrılıb. Bəzilərinə hökm oxunub, bəzi işlər hazırda apellyasiya məhkəməsində araşdırılır. Avqustun 9-da qruplardan birində 4 nəfər məhkəmə zalından azadlığa buraxılıb, daha 11 nəfərin isə cəzası yüngülləşdirilib.

Həbs olunanlar məhkəmədə saxlanılarkən və ondan sonra bir neçə gün işgəncələrə məruz qaldıqlarını, təzyiq altında ifadələrə imza atdıqlarını bildiriblər. Daxili İşlər Nazirliyi isə saxlanılan şəxslərə işgəncə verilməsi barədə deyilənləri də təkzib edib. Bildirilib ki, məhkumlar məsuliyyətdən yayınmaq və özünümüdafiə məqsədilə məhkəmədə həqiqətəuyğun olmayan ifadələr verirlər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun