24 İyul 2019
Mətni dəyiş
Əmlak Məsələləri Dövlət Komitəsi Xəzərin sahilini hasarlamağa görə «Sədərək» Ticarət Mərkəzinin sahibi Yusif Qədimbəylini 5 min manat cərimələyib. Təxminən ayyarım öncə Nəsimi Rayon Məhkəməsi bu qərarı ləğv eləsə də, bundan narazı qalan komitə yuxarı məhkəməyə şikayət yönəltmişdi.
İyulun 24-də Bakı Apellyasiya Məhkəməsində hakim Rizvan Səfərov sözügedən şikayətə baxıb.
Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndəsi Cəmil Rəhimov Nəsimi Rayon Məhkəməsinin qərarının ləğvini, işadamının 5 min manatı ödəməsini istəyib.
Məhkəmədə bildirilib ki, Y.Qədimbəyliyə məlumat verilsə də, nə özü gəlib, nə də nümayəndəsini göndərib.
Hakim işə onsuz baxaraq, Nəsimi Rayon Məhkəməsinin qərarını ləğv edib. İş yenidən araşdırılmaqdan ötrü bir daha həmin məhkəməyə qaytarılıb.
Bu işdə söhbət Xəzərin Qaradağ rayonu, Sahil qəsəbəsinə yaxın sahillərində ərazinin hasarlanmasından gedir.
Əmlak Məsələləri Dövlət Komitəsi işadamını İnzibati Xətalar Məcəlləsinin 248-ci maddəsinə dayanaraq, Xəzərin sahilboyu 20-50 metrlik zolağındakı torpaq sahələriylə bağlı tələbləri pozduğu üçün işadamını 5 min manat cərimələyib.