Vəkillər Kollegiyasının sədri Anar Bağırov bir neçə gün əvvəl "Mərkəz” vəkil bürosunun dünyasını dəyişən üzvünün yerinə yeni rəhbər təyinatı və fərdi vəkillərin fəaliyyətinə xitam verilməsinə münasibət bildirib.
Kollegiyanın sədri criminal.az saytına açıqlamasında bildirib ki, "Mərkəz” vəkil bürosuna rəhbər təyin olunan Elçin Qəmbərov ləyaqətli, vicanlı və şərəfli vəkildir. Anar Bağırovun sözlərinə görə, E.Qəmbərov vəkillər tərəfindən seçilib:
"Vəkil bürosunun rəhbərinin açıq seçkisi keçirilib. Büronun vəkilləri yekdilliklə Elçin Qəmbərova səs veriblər. Elçin Qəmbərov 28 ildir vəkillik vəaliyyəti ilə məşğuldur. Hələ onun barəsində bir dəfə də olsun Vəkillər Kollegiyasına şikayət daxil olmayıb. Onun barəsində heç bir intizam icraatı aparılmayıb. Qanuna tabe olan adamdır, peşəkardır və vəkil kimi işini qüsursuz görüb”.
Jurnalistin "amma öz müvəkkili Leyla Yunusun ona göndərdiyi gizli məktublar haqda kitab yazıb” deməsinə Anar Bağırov aqressiv cavab verib:
"O sizin fikrinizdir. Get işinlə məşğul ol... Kimlərinsə sifarişi ilə mənə zəng edib yazı yazırsan. Elçin Qəmbərov ən ləyaqətli, vicdanlı vəkildir. Mənim dediyim sözlər həqiqətdir. Elçin haqda bunu deyənlər qərəzlidir, deqi-qodudur. Ona gərə ki, Elçin vəkildir, onu danışanlar vəkil deyil. Əgər Leyla Yunus vəkilinin yazdıqlarından narazı idisə, şikayət verəydi. Şikayət etməyibsə, bu razılıq əlamətidir və demək Elçinin yazdıqları həqiqətdir”.
Fərdi vəkillərin fəaliyyətinə xitam verilməsinə gəlincə A.Bağırov bildirdi ki, vəkillik bazar deyil və harada akkreditasiya olunubsa, orada da fəaliyyət göstərməlidir:
"Məsələn, fərdi vəkil Şamaxı rayonunda fəaliyyət göstərməlidir. Məlum olur ki, o Şamaxıda yox, gəlib Bakıda oturub. Həmin regionun adamları da qalıb vəkilsiz, onlara hüquqi yardım göstərilməyib. Gəlib Bakıda otururlar, regionlarda vəkilsiz qalıblar. Biz deyirik ki, harda fəaliyyət göstərirsənsə, orada da akkreditasiya olun. Burda nə var ki? Sabah biz deyirik ki, filan vəkil Şamaxıda fəaliyyət göstərir, sonradan məlum olur ki, o Bakıdadır".
Kollegiya sədri bildirib ki, onlar heç kimi aldatmaq istəmirlər, necə varsa, elə də olmalıdır. Onun sözlərinə görə, kifayət qədər fərdi vəkillər var, hansı ki, göstərilən ünvanda qeydiyatda deyil, fərdi fəaliyyət göstərib, sığorta haqqını kollegiyaya ödəyirlərsə nə problem var ki?
"Dərd odur ki, həmin vəkillər həm qeydiyyat üzrə fəaliyyət göstərməyiblər, digər tərəfdən illər boyu 2 faiz sığorta haqqını ödəməyiblər. Kimsə vergisini ödəməyəndə ona sağ ol deyirlər? Biz həmin vəkillərə intizam tənbehi də tətbiq edə bilərdik. Amma hümanistlik göstəririk. Kimə haqq verilib ki, qanunla üzərinə düşən vəzifəni yerinə yetirməsin".
Anar Bağırovun sözlərinə görə, qanunda yazır ki, hər ay 2 faiz rüsumu ödənilməlidir.
"Bəs niyə ödəməyiblər? Onlar qanunu pozub, biz yox. Belə çıxır ki, onlar fərdi vəkil kimi fəaliyyət göstərə bilmirlər, qanunun tələblərini yerinə yetirmirlər. Biz də buna görə onlara sağ ol deyə bilmərik. Biz bununla bağlı üzərimizə düşən vəzifələri yerinə yetirməliyik. Əks halda dərəbəylik, anarxiya yaranar".
Sədrin sözlərinə görə, onları buna tənqid edənlər də qərəzli adamlardır. Onun sözlərinə görə, tənqidçi qərəzli yox, obyektiv olmalıdır.
"Hamıya bəlli faktdır ki, qərəzli adam qərəzli də mövqe bildirəcək. Kim nə istəyir yazsın, vecimizə də deyil. Əsas odur ki, 90 faiz vəkillər bizim fəaliyyəti dəstəkləyirlər, alqışlayırlar. Vəkillər kollegiyasının birliyi var, vəkillər Rəyasət Heyətini dəstəkləyir.
Bu göz qabağındadır və hamı da bilir. Biz dözümlü və tolerantıq. Əsas odur ki, vəkillər kollegiyanın gördüyü işi tam dəstəkləyir. Nəticə də göz qabağındadır. Alnımız açıqdır. Sosial şəbəkədə də açığıq, görürəm ki, dəstəklənirik".
Ekspert Xalid Ağali hesab edir ki, fərdi qaydada fəaliyyət göstərən vəkil istənilən anda istədiyin müvəkkilin yardımına yürüyə bilir:
"Yəni öz işinin rəisi olursan. Hər hansı müvəkkilə hüquq yardımı etmən üçün hansısa 2-ci şəxsin imzasına, rizasına gərək qalmır. Bu kateqoriyadan olan vəkillərin üzdə olanı Elchin Sadiqovdur. Günü-gündən pöhrələyən vəkil qurumu 1 həftə əvvəl ona Avropa İttifaqının rəhbəri ilə görüşdən 24 saat sonra intizam icraatı başlamışdı. Zamanlama ən yüngül ifadə ilə təcrübəsizlik idi, dərhal icraatdan geri addım atıldı və kollegiya bu addımını həvəslə ictimailəşdirməli oldu".
Ekspertin sözlərinə görə, bu gün intizam icraatına rəsmən son verilib, ancaq başqa bir acraata başlanılıb.
"E.Sadıqovun bildirməsinə görə, onun fərdi qaydada fəaliyyət göstərməsinə son veriləcək. Güman ki, hansısa məsləhətxanaya, büroya təhkim ediləcək. Hər hansı vəkili belə bir məcburi seçimə zorlamaq ilk növbədə vəkillik qanunvericiliyinin aşkar pozuntusudur. Digər tərəfdən, özəlliklə siyasi məzmunlu işlərdə tanınan E.Sadıqov müvəkkilllər üçün daha əvvəlki kimi əlçatan olmayacaq".
Xatırladaq ki, dünən Vəkillər Kollegiyasının iclasında vəkillər Elçin Sadıqov və Aqil Layıcın fərdi vəkillik fəaliyyətinə xitam verilib və onlar vəkil bürolarına təhkim ediliblər.