Şəkinin tarixi hissəsi Xan Sarayı ilə birlikdə UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Bu qərar iyulun 7-də Bakıda keçiriliən UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında qəbul edilib.
Təşkilatın məlumatında deyilir ki, Şəki şəhəri Böyük Qafqazın ətəyində yerləşir. Şəhərin mərkəzi hissəsi 18-ci əsrdə baş vermiş daşqından sonra bərpa edilib.
Köhnə şəhər hündür qülləli çatıları olan evlərin ənənəvi memarlıq ansamblı ilə xarakterizə olunur. Mühüm tarixi ticarət yolları boyunca yerləşən Şəkinin arxitekturasına Səfəvilər, Qacarlar və Rusiya tikinti ənənələri təsir göstərib. Şəhərin şimal-şərqində yerləşən Xan Sarayı və bir sıra ticarət evləri 18-ci əsrin sonundan 19-cu əsrə qədər ipəkçilik və barama qurdu ticarətindən yaranan zənginliyi əks etdirir", - təşkiların pres-relizndə deyilir.
Şəki Xan Sarayı divarları ilə əhatə olunan ikimərtəbəli binadır. Saray altı otaq-zal, dörd dəhliz və iki aynalı balkondan ibarətdir.
Binanın üslubu o zamanın Qafqaz memarlığının yerli ənənələrini, eyni zamanda islam memarlığının ən yaxşı nümunələrini özündə birləşdirib.
Şəki Bakının 400 km. şimal-qərbində yerləşir.
Xatırladaq ki, bundan öncə Bakının tarixi mərkəzi - Şirvanşahlar sarayı ilə birlikdə Qədim Bakı Qalası və Qız Qalası, Qobustan qoruğu qaya rəsmlərinin mədəni landşaftı UNESCO Ümumdünya İri Siyahısına daxil edilib.